Plenar iclaslar, Qanun Layihələri 17 İyun 2022, 14:57 | Baxış sayı: 108
"Ölkədə yoxsulların sayı artır".

“Bizdə dövlət müəssisələri büdcə gəlirlərinin təqribən 1,6 milyard manatını ödəyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu müəssisələrin sayı təqribən 4500 çivarındadır: “Bizim hökumətimiz də həmişə fəxrlə söyləyir ki, iqtisadiyyatın əsas hissəsi dövlətin nəzarətindədir. Onda büdcə gəlirlərinin də əsas hissəsini dövlət müəssisələrindən gələn gəlirlər təşkil etməlidir. Faktiki olaraq dövlət müəssisələri bu gün vergi ödəmir, nə də özəlləşdirilir. Deyirlər özəlləşdirmə doğru yol deyil. Bəs, doğru yol nədir?”

Deputat büdcədə elm xərclərinin icra olunmamasına diqqət çəkib: “Bizdə elmə onsuz da pul ayrılmır. İsraildə elmə bizdən 20 dəfə artıq pul ayrılır. Elmə pul ayırmadan elmi inkişaf etdirmək mümkün deyil. İkinci məsələ ölkədə yoxsulların sayı artır. ƏƏSMN-ə ayrılan vəsait 11% icra olunmayıb. Olmazdı ki, yoxsul insanlara ayrılan pulların hesablanması meyarları dəyişərdi?! Bu istiqamətdə 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib və qeyd olunub ki, buna qanunsuz təyinatların qarşısını almaqla qənaət edilib. Artıq bu nazirlik neçə ildir fəaliyyət göstərir. Hər il bu qədər qanunsuz təyinatlar aşkarlanırsa, deməli səhv bunların özündədir. Bu nazirliyə əlil, qazi, şəhid ailəsinin nümayəndəsi, yaxud yoxsul insan rəhbər təyin olunsaydı, o, yoxsulluğun nə demək olduğunu anlayar, hökumətimiz də bundan faydalanardı”.

Deputat Razi Nurullayev Qüdrət Həsənquliyevin fikrini dəstəkləmək üçün söz alıb: “Bizdə büdcəyə qənaət mexanizmində çatışmazlıqlar var. Bunların əksəriyyəti kiməsə xoş gəlmək üçün edilir, bu, düzgün deyil”.

Xəbərlər