Cəmiyyət 19 Aprel 2022, 11:12 | Baxış sayı: 47
"Ölkədə müəyyən dərman vasitələrinin qiymətlərinin aşağı salınmasına ehtiyac var".

“Azərbaycanda dərman preparatlarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Bu gün ölkənin bütün apteklərində dərman məhsullarının qiyməti, demək olar ki, eynidir. Yəni, satış Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətə uyğundur. Dərman preparatlarının qiymətlərinin qonşu ölkələrlə müqayisədə baha olmasına gəlincə isə, bu, doğru iddiadır. Hesab edirəm ki, ölkədə müəyyən dərman vasitələrinin qiymətlərinin aşağı salınmasına ehtiyac var. Bu, həqiqətən də ciddi problemdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, bir sıra dərman vasitələrinin qiymətlərinin qonşu ölkələrlə müqayisədə ölkəmizdə daha baha olmasının iki səbəbi var: “Bu səbəblərdən biri həmin dərmanların əksəriyyətinin Azərbaycanda istehsal olunmaması, digər səbəb isə xaricdən dərman preparatları idxal edən bəzi şirkətlərin sui-istifadə edərək satış üçün daha yüksək qiymət təklif etmələridir. Komitə iclaslarında dərman preparatlarının qiymətləri ilə bağlı müəyyən müzakirələr aparılsa da, qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir. İstənilən halda, Səhiyyə Nazirliyi qiymət siyasətindəki nəzərəti gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, xüsusilə aztəminatlı ailələrin dərmana ehtiyacı yarandıqda mövcud problem özünü daha qabarıq göstərir. Nəticədə, vətəndaşlar arasında ciddi narahatlıq və narazılıq yaranır”.

Xəbərlər