Cəmiyyət 11 Mart 2022, 15:15 | Baxış sayı: 238
"O, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda fəallaşan “5-ci kolon”un nümayəndələri barədə danışarkən deyib".

“Rusiya-Ukrayna müharibəsi fonunda “5-ci kolon”un fəallığı özünü göstərir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

O, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda fəallaşan “5-ci kolon”un nümayəndələri barədə danışarkən deyib:

“Hər hansı bir formada onlar fəallaşıblar və Rusiyanın mövqeyində dayandıqlarını gizlətmirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda rusiyapərəst adamlar var və bunlar ən müxtəlif səviyyələrdə təmsil olunurlar. Heç şübhəsiz ki, bu, narahatedici bir məqamdır. Ən azı ona görə ki, Ukrayna bu gün yerlə-yeksan edilir, mülki insanlar öldürülür, xəstəxanalar, uşaq bağçaları, doğum evləri, məktəblər gülləbaran edilir, evlər bombardman olunur, mülki əhali içərisində xeyli itkilər var, 2 milyona yaxın ukraynalı uşaq, qadın və qoca öz ölkəsindən, torpağından, evindən didərgin düşüb. Böyük humanitar fəlakət yaşanmaqdadır. Ona görə də, bu fonda Rusiyanı müdafiə etmək heç bir kriteriyaya uyğun gəlmir”.

“Bu tip şəxslərlə necə mübarizə aparmaq lazımdır?” sualına isə AVP sədri belə cavab verib:

“Hər halda bu cür şəxslərlə mübarizə sosial şəbəkələrdə aparılmalıdır. Yəni sosial şəbəkə iştirakçılarının, o cümlədən bunu qəbul etməyənlərin iradəsi və fikri ortalıqda olmalıdır. Onlara qarşı mübarizə, ancaq bu istiqamətdə aparılmalıdır. Yoxsa biz onlara nə edə bilərik? Bu insanlar ölkənin vətəndaşlarıdır və biz onların fikrinə, o cümlədən baxışlarına bir şey deyə bilmərik. Əgər çağırışlarında cinayət əməli yoxdursa, Azərbaycan qanunları pozulmursa biz heç nə edə bilmərik onlara. “5-ci kolon”un üzvlərinə qarşı ən yaxşı mübarizə üsulu sosial şəbəkələrdə onların söylədiklərinə əks fikirlərin söylənməsi, onların fikirlərinin arqumentlərlə təkzib edilməsi və Ukraynanın indiki görkəmini göz önünə gətirilməsidir”.

Xəbərlər