Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 15:15 | Baxış sayı: 185
"O qədər QHT rəhbərləri var ki, özünü yaxşı aparmır, dövlətin əleyhinə fəaliyyətlə məşğul olur. Onda nə edək?!"

“Bu dəyişiklik Konstitusiyaya ziddir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Konstitusiyanın 58-ci maddəsində vətəndaşların birləşmək hüququ var: “Eynilə ictimai birlik anlayışı da qanunda var. Dəyişiklik etdiyimiz qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət dini qurumların fəaliyyətinə qarışmır. Amma 8-ci maddəsinə biz dəyişiklik edirik. Bu, necə ictimai təşkilatdır ki, onun rəhbərini dövlət təyin edəcək? Bu cür açıqdan-açığa Konstitusiyaya zidd dəyişiklik etməklə, Konstitusiyaya zidd münasibəti ifadə etmiş oluruq. Bizim Konstitusiya və qanunlara olan münasibətimiz ölkəyə investisiya qoyuluşudur. İkincisi, doğrudan o ziyarətgahlarda o qədər pul yığılır ki, buna görə Konstitusiyanı pozmalı olaq? Deyirlər ki, din adamları özünü yaxşı aparmır, orada pozuntular olub. O qədər QHT rəhbərləri var ki, özünü yaxşı aparmır, dövlətin əleyhinə fəaliyyətlə məşğul olur. Onda nə edək?! Biz təklif edilən dəyişikliklərdə şəffaflığın təmin edilməsi üçün hansısa normanın qanuna daxil edildiyini görmürük, qanunda əl dəyişməsini görürük. Bu tipli qanunlara dəyişiklik etməyə, ölkədə din-dövlət münasibətlərinə xələl gətirməyə ehtiyac yoxdur. Parlamentin müvafiq komitəsi dini savadlanma sahəsində iş görməlidir”.

Xəbərlər