Cəmiyyət 4 Avqust 2022, 13:16 | Baxış sayı: 16
“Növbəti zərbələr Ermənistanı tamamilə rəzil vəziyyətə sala bilər”

“Avqustun 3-də baş verən hadisələrin günahkarı ermənilər və qanunsuz erməni dəstələridir. Azərbaycan üçtərəfli bəyanatın bütün şərtlərinə əməl edərək səbrlə proseslərin irəliləməsini gözləyib, ancaq təəssüf ki, qarşı tərəfin öhdəlikləri yerinə yetirmədiyinin şahidi oluruq. Mövcud vəziyyətdə onlar əksinə, təxribat törətməklə vaxtı uzatmaq, prosesi öz xeyirlərinə dəyişmək niyyətini ortaya qoyurlar. Biz artıq əməl gözləyirik və onların yalançı vədləri, sözlər keçərli deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Azərbaycan qanunsuz erməni dəstələrinin və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını istəyir: “Ermənistan quldur dəstələri bir daha təxribat törədəcəyi təqdirdə Ali Baş Komandanın əvvəllər də dəfələrlə dediyi kimi, “dəmir yumruğ”umuz yenidən işə düşəcək. Dünən bütün dünya gördü ki, şəhidimizin qisasını necə aldıq. Bununla yanaşı lazımi zirvələri də əldə etdik. Bu proses davam edəcək. Ermənilər fürsət düşmüşkən bu torpaqları tərk etməli və Zəngəzur dəhlizinin işə düşməsi öhdəliyini yerinə yetirməlidirlər. Əks təqdirdə, Ermənistanın vəziyyəti daha da gərgin olacaq. Növbəti zərbələr Ermənistanı tamamilə rəzil vəziyyətə sala bilər. Ermənistan elə bir vəziyyətə düşə bilər ki, artıq heç kim onu müdafiə etmək, hər hansı dəstəyi vermək istəməz. Faktiki olaraq Ermənistan regionda lazımsız, ağır yükə çevrilməkdədir. Zaman gələcək ki, günü-gündən ağırlaşan bu yük heç kimə lazım olmayacaq. Beləliklə də Ermənistan özü öz məhvini təmin etmiş olacaq. Buna görə də Ermənistanın ən qısa zamanda verdiyi öhdəlikləri yerinə yetirməsi, Azərbaycan ərazilərini tərk etməsi və sərhədlərin tanınması məsələsini həll etməsi çox vacibdir”.

Paylaşın

Xəbərlər