Siyasət 8 İyul 2023, 22:18 | Baxış sayı: 165
“Necə olur ki, onların ərazisi suveren və toxunulmazdır, bizə gəldikdə isə “sərhədsiz repartyor”durlar?!”

“İyunun 24-də Prezident İlham Əliyev İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların məqsədlərini ifşa edərək dedi ki, Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatları sərhəddə şəkillər çəkdirir, bizə mesajlar ünvanlayırlar. Bu gün ölkə rəhbərinin hədəfində Avropa Parlamentinin mandatı altında silahlanan  bir qrupun olduğu şübhəsizdir”.

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc parlamentdəki çıxışı zamanı səsləndirib. 

Zahid Oruc bildirib ki, Avropa Parlamentinin alt komitəsinin sədri Natali Luazo 6 nəfərlə birlikdə iyunun 19-da Laçın sərhədinə gələrək 4 aydır orada keşik çəkən Avropa İttifaqının missiyası ilə birləşiblər: 

“Zəngəzurda dırnaqarası Qarabağ köçkünləri ilə görüşərək sərhəddə və Laçın buraxılış məntəqəsində beynəlxalq qüvvələrin yeridilməsini və BMT-nin təcili qətnaməsini tələb etdilər. Natali Luazo dedi ki, rus sülhməramlı qüvvələrini hər yerdə görüb, təkcə Laçın postundan başqa. Halbuki, Azərbaycan o məntəqədə bayraq qaldırmağa cəsarət edib. Göründüyü kimi, 30 ildir Xankəndinə qanunsuz gələnlərin yolu bağlanıb”.  

Deputatın sözlərinə görə, sülhməramlı olmayanlar Rusiya hərbi kontingentini regiondan çıxarıb NATO-nu yerləşdirmək, sərhədi döyüş xəttinə çevirmək niyyətindədirlər. 

“22  iyunda AŞPA və AvroParlamentinin Laçın yolunun açılmasını tələb edən qətnamələri sinxron, vahid mərkəzdən odarə olunurdu. Erməni mediası Azərbaycanın 60 təklifindən heç birinin qəbul olunmamasını bayram etdilər. Elə həmin gün ABŞ Konqresinin 54 üzvü Co Baydendən Azərbayana hərbi yardımı dayandırmağı və Xankəndinə dəstək göstərməyi xahiş etdilər”. 

Bəs Natali Luazo özü kimdir?! 

Zahid Oruc fransız diplomatın əsl kimliyinə dair faktları da bölüşüb: 

“Fransanın hakim Respublika Hərəkatının üzvü, qəddar türkofob, islamofob, afrikalılarla bağlı irqçi açıqlamaların müəllifi, səfir vəzifəsində çalışarkən maliyyə cinayətlərini açığa çıxarmış işçisini intihara sövq edən bir şəxs. Luazo həmin məntəqəyə 4 dəfə deputat seçilən sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Baklanlarda casusu erməni Arnaud Danjeanla birlikdə gəlib. 

İyunun 24-də 1906-cı ildən fəaliyyət göstərən Ümumerməni Xeyriyyəçilik İttifaqı onun şərəfinə Fransada Paris meri Valeri Pekresin iştirakı ilə Şükranlıq naharı verib. Ölkə başçısı məhz Pekresi nəzərdə tutaraq “hünəriniz varsa, bir də gəlin, görək, sonra axırınız necə olacaq”, - dedi”.

Son olaraq deputat Qərbin əsl üzünü ifşa edərək, necə riyakar olduğuna diqqəti çəkib:

“Beləliklə sual olunur? Nə üçün Avropalı diplomatlar öz ölkələrinin sərhədlərini yaxın Şərqdə devirdikləri hakimiyyətlərdən və xaosdan sonra rezin qayıqlarla gələn yüz minlərə açmırlar?! 

Necə olur ki, onların ərazisi suveren və toxunulmazdır, bizə gəldikdə isə “sərhədsiz repartyor”, həkim, diplomatdırlar?! Belə beynəlxalq səfərlər üçün hazırlanan sərhəd təxribatları və qətnamələr Avropa dəyərlərinin alınıb-satıldığını göstərir. 

Vaxtilə Amerikanın İraqa hücumunu dəstəkləyən Şərqi Avropa və keçmiş sovet rəhbərlərini günahalandıran Jak Şerak demişdi ki, o liderlər ən yaxşı şanslarını – susmaq imkanlarını itiridilər. İndi qlobal erməni millətinin AvroParlamentdəki siyasi korrupsiya şəbəkəsi sülh prosesinə zərbə vurmaqla separatizmin Qərb tərəfindən müdafiə olunduğunu göstərdikləri üçün gərək danışmasınlar. Bəli, 90-cı illərin Staravoytovalarını indi Luazolar əvəzləyib”.

Xəbərlər