Siyasət 19 Sentyabr 2023, 16:46 | Baxış sayı: 168
“Necə ola bilər, yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tank əleyhinə mina basdırılıb?”

“Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus yük maşını tank əleyhinə minaya düşüb. Bu informasiya artıq mediada geniş yayılıb. Şəhidlərimiz var, Allah onlara rəhmət eləsin. İndi çoxsaylı suallar yaranır ki, necə ola bilər, yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tank əleyhinə mina basdırılıb? Bu, necə baş verib? Heç şübhəsiz ki, söhbət yenə də erməni təxribatından, erməni xislətindən gedir. Bu, ola bilər, həmin yol istiqamətində əvvəlcədən basdırılmış minadır. Vətən müharibəsi bitdikdən sonra Ermənistanın ərazilərimizə 1 milyondan artıq mina basdırması barədə faktlar var. Eyni zamanda istisna deyil ki, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsənin olmadığı bir zamanda bu təxribatı törədiblər və indi də faciə yaşanıb. Bu, bir daha onu gəstərir ki, Ermənistan bu gün də Azərbaycana qarşı iki istiqamətdə intensiv müharibə aparmaqdadır. Bunlardan biri informasiya müharibəsidir, digəri isə mina müharibəsi”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

“Düzdür, Laçın sərhəd-buraxılış məntəqəsinin işə salınmasından sonra Ermənistanın bu istiqamətdə fəaliyyəti artıq sıfırlanıb, buna baxmayaraq, köhnədən basdırılmış minalar, yaxud ermənilərin təxribatçı avantüraları nəticəsində belə faciələr yenə də yaşanmaqdadır. Bu da göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Çünki bütün bu addımlar, təxribatçı davranışlar əslində sülh müqaviləsini imzalamaq imkanlarını buxovlayır. Azərbaycan sülh, danışıqlar yolu ilə həllini gözləyən məsələnin tənzimlənməsini istəyir, amma sanki Ermənsitan hər dəfə belə təxribatları ilə əksinin reallaşmasına Azərbaycanı vadar etmək niyyətindədir. Bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşəcək”, - deputat bildirib. 

pravda.az

Xəbərlər