Siyasət 29 Sentyabr 2022, 12:13 | Baxış sayı: 49
"Necə ki cəbhədə, eləcə də siyasi səhnədə İlham Əliyev və dövlətçilik yolunda ölməyə hazır kifayət qədər insan var"

“AXCP-nin sentyabrın 30-da Milli Məclisin qarşısında planlaşdırdığı aksiya konstitusion hüququn realizəsi yox, destruktiv və dağıdıcı niyyətin göstəricisidir. Bunların fikri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirməkdirsə, bunu sivil yolla, şəhərin mərkəzində yolları iflic etmədən, ictimai asayişə təhdid, insanlara narahatlıq törətmədən də etmək olar. Biz “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 9-cu maddəsinə müvafiq olaraq normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmini üçün həmin qanunun layihəsini Parlamentin internet informasiya ehtiyatında yerləşdirmişik. Yəni hüquqi aktın layihəsi açıq formada ictimai və peşəkar müzakirəyə çıxarılıb və mətni də, konsepsiyası da bütün ağlabatan və səmərəli təkliflərə açıqdır. İndi dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmaların etməyə təklifi, danışmağa sözləri yoxdursa, bu, onlara hüquq vermir ki, pozucu, dağıdıcı yola əl atsınlar”.

 

 Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, bu adamların başında hələ də mitinqlərlə, təzyiqlərlə küçədə, yaxud içki məclislərində qərar qəbul olunduğu, parlamentin binasının gülləbaran edildiyi 1990-cı illərin anarxiyası qalıb: “Əli Kərimli, keçdi o dövrlər! Siyasi səhnə, sivil mübarizə üsulu var, bacarırsan, gəl mübarizəni apar, bacarmırsansa, çəkil kənara. Əslində bu adamın qorxusu güclü, sivil mübarizə aparmaq iradəsi olan siyasi qüvvələrin meydana çıxmasıdır. Mitinq arzulayanların hamısı yaxşı bilir ki, onsuz da tarixin zibilliyindədirlər. Anlayırlar ki, yeni siyasi şəraitdə güclü partiyaların meydana çıxması, çoxpartiyalı sistemin bazisinin güclənməsi, siyasi sistemin daha da sağlamlaşması hər kəsin əsl siyasi imkanlarını və gücünü üzə çıxaracaq. Bu, əlbəttə ki, Kərimli üçün son deməkdir. Ona görə də hər vəchlə prosesə maneə yaratmağa çalışır, qanun layihəsini mürtəce adlandırırlar. Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir, 22 ildir partiyanı zəbt edib, niyə gəncliyə, sağlam düşüncəyə yol vermir? Neçə illərdir ki, açıq məğlubiyyətin qorxusundan, şəxsi ambisiyaları naminə seçkilərdən gizlənməklə yüzlərlə insanın konstitusion qaydada müəyyənləşmiş seçki hüquqlarına, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüquqlarına təcavüz edir. Bax, budur mürtəcelik”.

 

B.Məhərrəmov əlavə edib: “Mən açıq deyirəm, Əli Kərimlinin və dəstəsinin ağlı Mehdiyev dövrünün pərdəarxası oyunlarına getməsin. Bu gün necə ki cəbhədə, eləcə də siyasi səhnədə İlham Əliyev və dövlətçilik yolunda ölməyə hazır olan kifayət qədər insan var. Kərimli və başının dəstəsi sivil mübarizəni qoyub, mürtəce yol seçəcəksə, buna peşman olacaq. Yəni davranışlarını buna görə seçsinlər. Kərimli başa düşməlidir ki, real həyat AXCP trollarının at oynatdığı virtual aləmdən, “Facebook” səhifələrindən daha çox fərqlidir. Xalqın real dəstəyi bu hakimiyyətədir və cənab İlham Əliyevin Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsinə nail olacağıq və hansısa dərnək tipli radikal qruplaşma buna mane ola bilməyəcək. Sadəcə, bunlar həmrəyliyin, birliyin hökm sürdüyü bu müqəddəs anım günlərində bölücü radikal davranışlarla bir daha əsl simalarını ortaya qoymuş olurlar”.

Xəbərlər