Plenar iclaslar 5 Noyabr 2022, 12:35 | Baxış sayı: 50
“Naxçıvanın statusu məsələsinə heç kimin şübhəsi yoxdur”

“Bu gün Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var”.

Bunu Milli Məclisin noyabrın 5-də keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması məsələsini ortaya atıb: “Bu gün Prezident Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi üçün iş apardığı bir vaxtda belə mövzunun müzakirəsinin yeridir? Bunu edənlər erməni dəyirmanına su tökənlərdir. Buna qarşı kəskin mövqe ortaya qoymalıyıq. Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə zəmanət verilib. O vaxt Zəngəzur dəhlizi Ermənistana veriləndə Naxçıvan Azərbaycanda ayrı düşüb. Dünyada Naxçıvan kimi statusa malik çox az yer var. Naxçıvanın statusunun ləğv edilməsinin qarşısı Ümummilli lider tərəfindən alınıb. Həmin dövrdə AXC-Müsavat cütlüyü Naxçıvanın statusunu ləğv etmək istəyirdi, Ümummilli lider qoymadı. İndi də onların tör-töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birincisi, referendum çağırılmalıdır. Naxçıvan Muxtar Respublikasına qarşı aparılan təxribat xarakterli müzakirələrə son qoyulsun, suyu bulandırmasınlar”.

Sədr Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazıla bilər: “Naxçıvan Muxtar Respublikasının statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov də deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyd olunan məsələ heç bir hüquqi əsasa malik deyil.

Mənbə: apa.az

Xəbərlər