"Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı."
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən söz açdı: “Mən ilk olaraq, onu deyim ki, Dövlət Təhlükəsizlik Xidməti son illərdə göstərdiyi fəaliyyətlə özünü ən yüksək pillədə göstərməkdədir. Etiraf edək ki, peşəkar çekist kimi ölkə prezidenti İlham Əliyev tərəfindən DTX-ya rəhbər təyin edilən Əli Nağıyev və onun formalaşdırdığı komanda sözün həqiqi mənasında dövlətin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi olaraq, xarici təhdidlərə qarşı bir müddət öncə İran kəşfiyyat şəbəkəsinin ölkəmizdə ifşa olunması ilə bağlı atılan addımlar və bununla bağlı ciddi uğurlu əməliyyatların həyata keçirilməsini qeyd etmək yerinə düşür. Digər tərəfdən dövlətçiliyimizə hər halda təhlükə törədən korrupsiya hallarına, eləcə də, xoşagəlməz hərəkətlərlə əlaqədar həyata keçirilən əməliyyatlar ənənəvi hal alıb. Bu dövlətçiliyimizin güclənməsinə verilmiş olan əhəmiyyətli töhfələrdir. Digər tərəfdən, ölkə rəhbərinin 2019-cu ildən başlayaraq, bütün istiqamətlərdə həyata keçirmiş olduğu islahatlar, həm də köklü islahatlar davam etdirilir. Onların içərisində struktur islahatları önəmli yer tutur. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının nazirliklərinin komitələrinin Azərbaycan nazirliklərinə, komitələrinə bir hissəsi kimi birləşdiriləcəyi ilə bağlı həyata keçirilən tədbirlər, islahatlar effektiv nəticə verə biləcək islahatlardır. Bir neçə il bundan öncə belə islahatların həyata keçirilməsi çətin olardı. Hətta deyərdim ki, mövcud reallıqlarla üst-üstə düşməyə də bilərdi. Amma 44 günlük müharibədən sonra biz təkcə işğal altında olan torpaqlarımızı azad etmədik, eyni zamanda, Azərbaycan dövlətçiliyi özünün digər üstün tərəfləri ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu islahatlar artıq daha dərin xarakter almağa başlayıb. Eyni zamanda, mənə elə gəlir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən nazirliklərin, komitələrin Azərbaycanın mərkəzi strukturlarına tabe etdirilməsi doğru addım olardı. Təbii ki, davamlı və dərin islahatların aparılması üçün vacib şərtlərdən biridir”.