Siyasət 1 Sentyabr 2023, 17:20 | Baxış sayı: 142
"Nə qədər ki Makron Fransanın prezidentidir, Ermənistanın yanında olacaq və Azərbaycana qarşı düşmənçilik mövqeyini davam etdirəcək”

“Düşünmürəm ki, Fransa qərəzli mövqeyindən əl çəkəcək. Nə qədər ki Makron Fransanın prezidentidir, Ermənistanın yanında olacaq və Azərbaycana qarşı düşmənçilik mövqeyini davam etdirəcək”.

Bunu  Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Bəlli idi ki, Azərbaycan “humanitar yardım şousu”nu qəbul etməyəcək, bunun öz ərazisinə daxil olmasına imkan verməyəcək. Bu, Makrona və Fransanın hakim dairələrinə vurulan növbəti zərbədir. 44 günlük Vətən Müharibəsindən bəri dəfələrlə Azərbaycandan ciddi diplomatik zərbə alan Fransa usanmır, yorulmur, məğlub olduqca başqa addımlar atmağa davam edir. Bu da növbəti addımlardan biri idi. Fransalı mer Ermənistana gəldi, nə oldu? Başı daşa dəydi, geri döndü. Beynəlxalq hüquq normaları Azərbaycanın yanındadır”, - millət vəkili bildirib.

Onun sözlərinə görə, Ermənistan yenə Fransanın təhriki ilə BMT-yə hansısa bir “sənəd” təqdim etməyə çalışacaq:

“Bunun reallaşacağına, Fransanın öz məqsədinə nail olacağına inanmıram. Azərbaycan bayrağı yaxın zamanda Xankəndidə dalğalanacaq. Hələlik yumşaq davranırıq, eyni zamanda, ermənilərə humanitar yük göndəririk. Qırx tondan yuxarı un məmulatları göndərilib, hələ ki ermənilər bunu qəbul etmək istəmirlər. Məlum olur ki, onlar heç də acından ölmürlər, bütün bunların hamısı şoudur, Azərbaycana qarşı təzyiq cəhdidir.

Azərbaycan dövləti öz mövqeyində birmənalı və qətidir. Dövlət başçımızın Azərbaycan xalqının iradəsinə söykənərək atdığı bu addım cəmiyyətimiz tərəfindən birmənalı müdafiə olunur.

Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq gücündədir. Hansısa bir dövlət Azərbaycana qarşı güc tətbiq etmək niyyətində olarsa, qardaş Türkiyənin silahlı qüvvələri də, Azərbaycanla bərabər Şuşa Bəyannaməsinə uyğun öz addımlarını atacaq. İnanmıram ki, Fransa kimi bir ölkə özündə belə bir cəsarət tapsın. Fransa xoşagəlməz addım atarsa, bu, onun öz zərərinə olacaq”.

Teleqraf.com

Xəbərlər