Siyasət 17 Noyabr 2022, 11:55 | Baxış sayı: 178
“Nə Fransa, nə də başqası Bakının qəti mövqeyinə təsir edə bilər”

“Fransa Senatının qəbul etdiyi qətnamə sülh prosesinə maneə olmaqla yanaşı, terrora, işğalçıya dəstək verir. İlk dəfə deyil ki Fransa Senatı həqiqəti əks etdirməyən, iftira və təxribat xarakterli qətnamə qəbul edir. Son iki ildə bu, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü qətnamədir. 2020-ci il noyabrın 25-də Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdikdən bir neçə gün sonra Fransa Senatı qondarma “DQR”in “müstəqilliyinin” tanınması ilə bağlı, həmin ilin dekabrın 3-də Fransa Milli Məclisi və parlamentin aşağı palatası da Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

 

Deputat bildirib ki, hazırkı qətnamə layihəsi bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa Senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib: “Bütün dünya azərbaycanlıları bu tendensiyalı layihənin səsverməsinə etiraz olaraq petisiya yaradıblar. Qısa müddətdə 100 mindən çox imza toplandı, lakin Fransa parlamenti və Xarici İşlər Nazirliyi buna əhəmiyyət vermədi. Nə çoxsaylı müraciətlər, nə Parisdəki etirazlar, nə də aşkar, təkzibedilməz faktlar - heç nə Senatın öz ölkəsinin siyasi tarixində növbəti biabırçı səhifə yazmaq əzmininə təsir göstərmədi. Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə ikili yanaşmanın, riyakarlığın növbəti nümunəsidir.  Bu, bütün beynəlxalq hüquq, norma və prinsiplərin ciddi pozuntusudur. Nəzərdən qaçırmayaq ki, səsvermə ərəfəsində Ermənistan parlamentinin vitse-spikeri və xarici işlər naziri bir-birinin ardınca Parisə səfər ediblər. Şübhəsiz ki, bu səfərlərin məqsədi digər məsələlərlə yanaşı, Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu üçün lobbiçilik etmək idi. Həmçinin, qətnamənin səsə qoyulmasına iki gün qalmış Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Frankofoniya sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyini bəyan edib, eyni-zamanda “Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə vermək” arzusunu ifadə edib. Heç kimə sirr deyil ki, Makronun vədlərinə Bakıda uzun müddətdir ki, etibar olunmur, çünki Fransa Prezidentinin “tərəfsiz vasitəçilik”lə bağlı sözlərinin arxasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik durur. Onun verdiyi bəyanatlar, etdiyi çıxışlar buna əyani misaldır”.

 

H.Hüseynova deyib ki, əslində, Makronun həm Ukraynada müharibənin dayandırılmasında, həm də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında uğursuz vasitəçi olduğu  Avropada çoxdan etiraf edilib: “Makronun özünü “bir çox diplomatik uğurlara imza atmış” Prezident kimi təqdim etmək cəhdlərinə baxmayaraq, onun ambisiyasının nəticələri mübahisəlidir. Azərbaycanda Makronun vasitəçiliyinə böyük şübhə ilə yanaşılması isə təəccüblü deyil. Makron hakimiyyətə gəldikdən sonra Fransanın “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı deqradasiyaya uğrayıb və ən yaxşı halda katolik xristianlara münasibətdə tətbiq oluna bilər. Ölkədə tüğyan edən irqçilik, antisemitizm, Azərbaycanfobik, türkfobiya və İslamofob meyillərin fonunda Fransa hökuməti öz mədəniyyətinin fundamental dəyərlərinə selektiv yanaşma nümayiş etdirir. Bundan başqa, Fransa Senatı bu qətnaməni qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurdu. Hazırkı qətnamə ölkələr arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə”yə birbaşa ziddir. Belə qərəzli ittihamlar əsasında hazırlanmış qətnamənin qəbulundan sonra Fransa ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma məsələsi yenidən nəzərdən keçirməlidir”.

 

Komitə sədri vurğulayıb ki, Fransanın Azərbaycana qarşı düşmən münasibəti təkcə parlamentin mövqeyində ifadə olunmur: “Məlum olduğu kimi, Fransadakı radikal erməni qruplaşmaları Azərbaycanın Parisdəki səfirliyinə dəfələrlə hücumlar təşkil etsələr də, Fransa tərəfi heç vaxt bu hücumların qarşısını almaq üçün tədbir görməyib, bununla da Vyana Konvensiyasından irəli gələn öhdəlikləri pozub. Əksinə, Fransa diplomatik nümayəndəliyə qarşı törədilən erməni vandalizminə birbaşa və ya dolayısı ilə dəstək verir. Heç kimə sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın danışıqlara baxmayaraq, 2020-ci ilin payızına qədər həll edilməməsinin səbəblərindən biri də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın “vasitəçilik” səyləri  olub. Fransa indiki qətnamədən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında özünü vasitəçi adlandırmağa necə davam edə bilər? Bu barədə düşünməyə dəyər. Paris Azərbaycana qarşı düşmənçilik mövqeyində o qədər irəli gedib ki, qətnamə layihəsində Azərbaycan qoşunlarının Laçın dəhlizi ərazisindən çıxarılması tələbi də yer alıb. Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən gedir və bu tələb heç bir əxlaqa, normaya sığmır. Hətta Ermənistan heç vaxt Azərbaycan qoşunlarının Laçın dəhlizindən çıxarılmasını xahiş etməyib! Amma Fransa Senatının üzvləri “ermənilərin özündən də böyük erməni” olmağa çalışırlar. Qətnamədə səslənən Azərbaycanın hərbi cinayətlərdə və beynəlxalq humanitar hüququn pozulmasında ittihamı ikiüzlülük deyilmi? Halbuki, Azərbaycana qarşı bu ittihamları səsləndirən Fransanın özünün keçmişi çoxsaylı insanlığa qarşı cinayətlərlə zəngindir. Fransanın 50-dən çox ölkəni işğal edərək öz müstəmləkəsinə çevirməsi, sərvətlərini talaması, xalqlara qarşı soyqırım, insanlığa yaraşmayan ciyanətlər törətməsi və bütün bunlar Azərbaycana qarşı uydurulmuş ittihamlardan fərqli olaraq tarixi faktdır. Fransa elə bilir ki, onun bu qəddar hərəkətləri tarixin arxivindədir və heç kim xatırlamır, ancaq  yanılır.  Fransanın müstəmləkə etdiyi ölkələrdə törətdiyi vəhşiliklər, insanlığa qarşı cinayətlər, qanlı müharibələr hələ də beynəlxalq ictimaiyyət tərəfindən pislənir.  Amma bütün bu cinayətlərin nə qədər dəhşətli olması və dünya ictimaiyyətinin gözündə necə görünməsi onu heç narahat etmir. Ona görə də, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, Fransanın işğalçılıq və ayrı-seçkilik siyasətini müzakirəyə çıxarmalıdır”.

 

H.Hüseynova bildirib ki, Senat tərəfindən qəbul edilmiş və heç bir hüquqi qüvvəsi olmayan bu qətnamə sülh prosesinə töhfə vermək niyyətini bəyan etmiş bir ölkə kimi Fransanın qərəzli və birtərəfli siyasi mövqeyini açıq şəkildə nümayiş etdirir: “Əgər biz sənəddə qeyd olunan  iddiaları nəzərdən keçirsək, görərik ki, onun müəllifləri tarixi faktlardan və regiondakı mövcud vəziyyətdən, ümumiyyətlə, xəbərsizdirlər, hətta belə nəticəyə gəlmək olar ki, onlar Qarabağın  coğrafi olaraq harada yerləşməsini belə bilmirlər. Azərbaycan ərazilərinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğalı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin talan edilməsi, yüz minlərlə məcburi köçkünün hüquqlarının vəhşicəsinə pozulması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti, 4 minə yaxın vətəndaşımızın, o cümlədən uşaq və qadınların  əsir və ya itkin düşməsi, onların haqqında məlumatın verilməməsi,  bu gün də davam edən mina təhlükəsi, eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi sülhməramlılıq, yenidənqurma işlərini niyə Fransa hökuməti, Senatı görmək istəmir?  Bu, irqçiliyin, dini və etnik dözümsüzlüyün eyni təzahürü deyilmi? Fransanın başqa millətlərə qarşı ayrı-seçkiliyə, zülmə və istismara haqq qazandıran milli üstünlük anlayışı erməni şovinizmi və türk düşmənçiliyi ideologiyası ilə eynilik təşkil etmirmi? Həm Paris, həm də İrəvan başa düşməlidirlər ki, o, Ermənistana boş ümidlərdən başqa heç nə verməyə qadir deyil. Yaxşı olardı ki, Ermənistan infantil siyasətindən əl çəksin, reallığı qəbul etsin. Makronun son zamanlar apardığı vasitəçilik missiyasının nə ilə nəticələndiyini, daha doğrusu, nəticəsiz qaldığını görməmək mümükün deyil. İndi isə Fransa “son ümid yeri kimi” Cənubi Qafqazda guya nəyəsə nail olacağını düşünür və Ermənistan da buna arxayın olur, əlbəttə ki, səhv edir. Nə Fransa, nə də başqası Bakının qəti mövqeyinə təsir edə bilməz, çünki Azərbaycan haqlı mübarizə aparır.  Parlamentdə də bu barədə geniş müzakirələr oldu, Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul olundu və hökumətə bir sıra təkliflər edildi. Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyənə qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması, Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması, Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın İslamafobiya siyasətinin gündəliyə çıxarılması, Türk Dövlətləri Təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması. Fikrimcə bu çox vacib məsələlərdir. Qeyd etmək istəyirəm ki, Milli Məclisin sədri Sahibə xanım Qafarova, millət vəkillərimiz bu hadisəyə çox çevik reaksiya verdi. Düşünürəm ki, parlament rəhbərliyinin, şəxsən S.Qafarovanın rəhbərliyi ilə parlament diplomatiyası hazırda da mütəşəkkil fəaliyyət göstərir və bu istiqamətdə işlər daha da gücləndirilir. Senatın qətnaməsi isə dəyərsiz kağız olaraq qalacaq. Azərbaycan xalqının iradəsinə, onun apardığı haqlı və ədalətli mübarizəsinə heç nə təsir edə bilməz”.

Xəbərlər