Siyasət 27 Noyabr 2023, 18:27 | Baxış sayı: 86
"Ən doğrusu ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşamasıdır"

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsi

 

- Uzun müddətdən sonra Ermənistan Azərbaycanın sülh sazişi təkliflərinə cavab verdi və sərhəddə növbəti görüş gözlənilir. Danışıqları perspektvini necə qiymətləndirirsiniz?

 

- Danışıqları, xüsusən birbaşa təmasların olmasını yüksək qiymətləndirirəm. Amma istəyərdim ki, sülh sazişi imzalanandan sonra biz sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparaq. Ortada sülh müqaviləsi olmadan belə danışıqların aparılmasını məqbul saymıram. Ancaq bilirəm ki, Ermənistan ikitərəfli sülh danışıqlarından imtina edir. Hesab edirlər ki, onlar üçün məqbul olan müstəvidə və vasitəçilərin iştirakı ilə sülh danışıqları aparılsın. Ermənistan Rusiyaya güvənmir və bu barədə açıq danışırlar. Hesab edirdilər ki, Rusiya onların işğalçılıq siyasətini həmişə müdafiə etməli idi. Hazırda Ermənistan onun işğalçı siyasətini de-fakto hər zaman dəstəkləmiş Qərbin vasitəçiliyini qəbul edir. Çünki 44 günlük müharibədə Minsk qrupunun həmsədrlərindən, vasitəçilərdən biri olan Fransanın parlamentinin hər iki palatası qondarma DQR-in tanıması üçün hökumətə rəsmi müraciət də etdi. Bu gün görürük ki, digər vasitəçi ABŞ Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edir, bizi etnik təmizləmədə, sülh danışıqlarından yayınmaqda günahlandırır. Ermənistanın sülh danışıqlarından qaçmasının beynəlxalq ictimaiyyət tərəfindən pis qarşılandığını görərək günahı bizim üstümüzə atır. İşğalçı Ermənistan müharibədə məğlub olmuş tərəfdir, sülhün şərtlərini diqtə edə bilməz, bizi özün üçün əlverişli olan müstəvidə danışıqların aparılmasına məcbur edə bilməz.

 

Azərbaycan danışıqların hər iki ölkə ilə yaxın münasibətləri olan qonşu Gürcüstanda keçirilməsini təklif etdi. Ancaq onlar bundan da imtina etdilər. Çünki hesab edirlər ki, 30 il işğala siyasi, maliyyə dəstəyi vermiş, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün durumuna düşməsinə göz yummuş, Ermənistana sanksiya tətbiq etməmiş Qərb danışıqlarda vasitəçi qismində iştirak etməli, Azərbaycana təzyiq etməli , onun üçün əlverişli şərtlərlə sülh sazişi imzalanmalı, ABŞ, Avropa İttifaqı həmin sülh sazişinin təminatçısı olmalıdır. Həmin vasitəçilər 44 günlük savaşa qədər bizə deyirdilər ki, Ermənistanla danışın, razılaşın, Konstitusiyanıza zidd olaraq Qarabağda nəticəsi əvvəlcədən bəlli olan referendum keçirilməsini qəbul edin. Məhz buna görə Ermənistan istəyir ki, işğalçılıq siyasətinə dəstək vermiş qüvvələrin iştirakı ilə bu danışıqlar aparılsın.

 

Qərb Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmir, Ukraynadakı müharibənin nəticəsini gözləyir. Hesab edirlər ki, Ukrayna müharibəsi Rusiyanı əldən salacaq, Moskva Qərblə anlaşaraq Ukrayna müharibəsinə son qoymağa çalışacaq. Bu zaman danışıqlarda tək Ukrayna məsələsi müzakirə olunmayacaq, həm də Ermənistanla bağlı məsələ müzakirə olunacaq və Rusiyanı məcbur edəcəklər ki, Birinci Qarabağ müharibəsində olduğu kimi Ermənistanın yanında olsun, onun işğalçılıq siyasətini dəstəkləsin. Ona görə də danışıqlardan ciddi nəticə gözləmirəm və hesab edirəm ki, sadəcə, danışıqlarla vaxt udmağa çalışacaqlar.

 

- Qərbi azərbaycanlıların yurd-yuvalarına dönüşü, Qarabağda yaşamış ermənilərin qayıdışı, anklav kəndlər problemləri Azərbaycanla Ermənistana arasında sülh sazişinin imzalanması yönündə əsas problemlər sayılır. Azərbaycanla Ermənistan öz iradələri ilə bu problemləri həll edərək sülh sazişi imzalaya bilərlərmi?

 

- Azərbaycanla Ermənistan problemlərini özləri həll edə bilərlər və etməlidirlər. Ermənistan da, Azərbaycan da yeni müharibələrdən qaçmalıdır. Gənclər yaşamalı, həyatdan zövq almalıdırlar. Ermənistan nəhayət, işğalçılıq siyasətindən imtina etməlidir, bunun perspektivinin olmadığını başa düşməlidir. Amma Ermənistan və Qərbdəki ədalətsiz ağaları deyirlər ki, Qarabağdan 100 min erməni qaçqın var. Halbuki onlara qaçqın demək olmaz, Azərbaycanın yurisdiksiyasında yaşamaq istəmədikləri üçün könüllü gediblər. Videoçəkilişlər onların qorxusuz-hürküsüz öz avtomobilləri ilə ölkədən çıxmasını qeydə alıb. Amma Qərbi azərbaycanlılar Ermənistandan qovulub. Həm də necə? Ayaqyalın, başıaçıq, təhqir olunmuş, ayaqlarını şaxta vurmuş qadınlar, uşaqlar…

 

İndi deyirlər ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsini sülh sazişinə salmaq olmaz, amma Qarabağda yaşamış ermənilərin geri qayıtması öz əksini tapmalı və həmin sazişdə ermənilərin orada yaşamasına beynəlxalq təminat olmalıdır. Bəs Ermənistanda yaşamış azərbaycanlılar insan deyil?! Sayları da Qarabağdakı ermənilərdən iki dəfədən çox olub. İndi Ermənistanda Qarabağdan getmiş 100 min insanın guya acınacaqlı durumundan danışırlar, amma erməni mətbuatının yazdığından məlum olur ki, onların cəmi 1134 nəfəri müəyyən sığınacaqlarda yerləşdiriliblər. Qalanlarının hamısının həm Ermənistan vətəndaşlığı, həm də Ermənistanda evləri varmış. Qarabağın o gözəl guşəsində isə bir yaylaq kimi yaşayırlarmış və Ermənistan dövlətindən orda yaşadıqlarına görə pul alırlarmış. Amma 1 milyon azərbaycanlının 30 il qaçqın və məcburi köçkün həyatı yaşamasını həmin Qərb dövlətləri çox sakitcə seyr ediblər. Ermənistana da heç vaxt demədilər ki, etnik təmizləmə siyasəti aparmısan. Biz elə iyrənc münasibətlə, ədalətsizliklə üz-üzəyik ki, hətta ən zəngin dildə belə bunu ifadə edəcək söz tapacağımıza inanmıram.

 

Biz bilirik ki, onlar böyük gücdürlər, bəzən hesablaşmaq lazım gəlir, amma qorxaq siyasət yürüdəndə adamı ayaq altına atırlar. Məsələn, Xankəndindən məcburi köçkünlərimiz var. Biz sentyabrın 20-də Qarabağdakı erməni hərbi birləşmələrini darmadağın etdik. Sentyabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndindən olan ziyalılarla, məcburi köçkünlərlə görüş keçirib dedi ki, hamınız evlərinizə qayıdacaqsınız. Onların da hamısı öz ev-eşiklərini tanıyır. Onların evləri ermənilər tərəfindən məskunlaşdırılıbsa belə, bilir ki, hansı məhəllədə, binada, mənzildə yaşayıb. İki aydan çox vaxt keçib, bu günə qədər həmin məcburi köçkünlər Xankəndinə öz evlərinə qaytarılmayıb. Şantajdan, təzyiqlərdən çəkinməməliyik, onları öz evlərinə qaytarmalıyıq. O cümlədən Xankəndinə Qərbi azərbaycanlılar yerləşdirilməlidir. Ermənistana da deyilməlidir ki, Qərbi azərbaycanlılar üçün evlər tikib hazırlayın, öz evlərinə köçsünlər. Siz istəyirsinizsə ki, ermənilər Xankəndinə qayıdıb gəlsinlər, Qərbi Azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Azərbaycan hökumətinə 1 milyon insanı geri ,öz yurdlarına qaytarmaq üçün uzun illər lazımdır. Çünki işğal altında olmuş bütün yaşayış məntəqələri vəhşicəsinə darmadağın edilib. O qaçqınların və məcburi köçkünlərin çoxu bundan sonra neçə il yaşayacaq? Belə çıxır ki, torpaqlarımızı azad etsək də onların çoxu evlərinə dönmədən Vətən nisgili ilə dünyasını dəyişəcəklər. Ona görə də qorxmadan onları Xankəndinə ,Xocalıya , Hadruta, digər yaşayış məntəqələrinə yerləşdirmək lazımdır. Bu gün hələ də zirzəmilərdə ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərimiz var. Biz o mənzilləri boş saxladıqca Azərbaycana beynəlxalq təzyiqlər də artacaq.

 

Sözün doğrusu, mən əvvəllər də demişəm, Azərbaycan Ermənistanla danışmalıdır ki, ermənilər bir zamanlar Azərbaycan türklərinin torpaqlarında qurulmuş Ermənistanda, azərbaycanlılar da Azərbaycanda yaşasınlar. O zaman bizim qonşuluğumuz daha yaxşı alınacaq. Yoxsa ermənilər geri qayıtsa, böyük dövlətlər çalışacaqlar ki, gələcəkdə yenə o közü üfürüb alovlandırsınlar, bizə daimi təzyiq və təsir imkanları əldə etsinlər. Bunu ermənilərə də başa salmaq lazımdır ki, nə vaxta qədər bir-birimizlə vuruşacağıq. Bizim torpağımızda sizə bir dövlət qurublar, siz ermənilər orda, azərbaycanlılar da Azərbaycanda yaşasınlar. Ermənistan tezliklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına uyğun 5 bənddən ibarət təklif etdiyimiz sülh sazişini imzalamasa, yeni təkliflərə işğal zamanı Qarabağda ağır cinayətlər, soyqırım törətmiş cinayətkarların məsuliyyətə cəlb olunması və təzminat məsələsi əlavə olunmalıdır. Onlar yüzlərlə şəhər və kəndlərimizi dağıdıblar, 1 milyon insanı 30 ildən artıq məşəqqətli həyata düçar ediblər, nə qədər insanlarımız həyatını itirib? 44 günlük savaşdan sonra Azərbaycan Respublikası Prezidenti dedi ki, biz bu səhifəni qapatmaq istəyirik, sülh istəyirik. Ermənilər bunu qiymətləndirdi? Yox.

 

Dedik ki, müharibədən sonra Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmüsən, torpaqlarımızın sizə verilməsi ucbatından Naxçıvan Ana Vətəndən ayrı salınıb. Zəngəzur dəhlizi bizim üçün həyati əhəmiyyət daşıyır, Naxçıvana yolu açın. Açmırlar. Sanki Azərbaycanı daha radikal qərarlar qəbul etməyə məcbur edirlər. Azərbaycan Zəngəzur dəhlizi tələbindən geri çəkildi, dedi ki, İran üzərindən yol çəkiləcək, ABŞ bizə deyir ki, İran üzərindən olmaz. ABŞ Rusiyaya sanksiyalar tətbiq etsə də, özünə lazım olanda Rusiya ilə əməkdaşlıq edir. Bu yaxınlarda məlum olub ki, ABŞ Rusiyadan keçən ilin birinci yarısı ilə müqayisədə 2,2 dəfə artıq 416 ton zənginləşdirilmiş uran alıb. Ermənistan İranla hərbi, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr qurub, qardaşlaşıb, Rusiya ilə də hərbi-siyasi müttəfiqdir, sərhədlərini Rusiya qoruyur. Necə olur ki, bunlara görə Ermənistan qınanılmır, əksinə, Ermənistana yardım ayırırsan, amma bizi ittiham edirsən? Bu qədər də ədalətsizlik və riyakarlıq olar?

 

“Müharibə təxribatı nəticəsində Qərb Azərbaycana sanksiya tətbiq edə bilər”

 

- Son dövrlər belə fikirlər də səslənir ki, əslində Ermənistan yeni müharibəyə hazırlaşır. Siz necə düşünürsünüz?

 

- Ermənistanın müharibə yolu ilə yenidən torpaqlarımızı işğal etməsi absurddur. Məhz buna görə də bəzi insanlar deyirlər ki, elə şey olmaz. Amma fikirləşmək lazımdır ki, Ermənistan hansı məqsədlə bunu edə bilər? Ermənistan Qərbdəki havadarlarının Azərbaycanı cəzalandırması üçün belə təxribata əl ata bilər. Azərbaycan enerji daşıyıcılarının ixracından asılı olan bir ölkədir, əsasən bunun hesabına büdcəni formalaşdırırıq, iqtisadiyyatımız neftdən asılıdır. Bizə müəyyən sanksiyalar tətbiq etməklə iqtisadiyyatımızın çökdürülməsinə, ölkədə müəyyən sosial gərginlik yaratmaqla sabitliyin pozulmasına nail olmaq üçün müharibə edə bilərlər. Belə bir təxribata əl atarlarsa Zəngəzura qoşun yeridilməli və sonradan 10 noyabr sazişinə uyğun olaraq , dəhlizin açılması şərti ilə həmin ərazi Rusiyanın nəzarətinə verilməlidir.

 

- Bəs Qərbin yaxın, orta perspektivdə Azərbaycana belə sanksiyalar tətbiq etməsi nə dərəcədə mümkün, real ola bilər?

 

- Azərbaycanın Avropa İttifaqında strateji tərəfdaşları var və hesab edirəm ki, onların içərisində də ləyaqətliləri tapılacaq və buna etiraz edəcəklər. Amma ABŞ və Fransa rəsmiləri erməni diasporunun puluna və ölkədaxili siyasi dəstəyinə görə belə bir cəhd edə bilərlər. Çünki Soyuq Müharibə dövrü bitəndən sonra Qərbdə siyasi elitanın korrupsiyalaşması səbəbindən ali dəyərlərdən imtina ,ədalətsizlik geniş miqyas alıb. Həyat yoldaşı erməni olan ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendez bu yaxınlarda korrupsiya əməlinə görə ifşa olundu. Bundan əvvəl Azərbaycan əleyhinə xüsusi dinləmə təşkil etmişdi. İfşa olunmamış belələri yüzlərlədir. Hər zaman qanunun aliliyindən danışırlar, amma BMT TŞ-nın qətnamələrinə əhəmiyyət vermədikləri kimi, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına da hörmət etmirlər.

 

1990-cı ilin 20 Yanvarını xatırlayaq. Erməni separatizmini dəstəkləmək üçün Qorbaçova təzyiq edirdilər ki, niyə azərbaycanlıları cəzalandırmırsınız. Qorbaçov da dinc insanları qırdı, buna görə ona Nobel sülh mükafatı verdilər. Bəyanat yaydılar ki, Azərbaycanda ermənilər milli mənsubiyyətinə görə öldürülür, ona görə Qorbaçov düz edib, Azərbaycanda dini ekstremizmin qarşısını alıb. olub O vaxt Bakıda, Sumqayıtda da dinc ermənilərə münasibətdə təxribatlar təşkil edib, sonra 20 Yanvar qırğınını törətdilər, torpaqlarımızı işğal etdilər. İndi də Azərbaycana sanksiya üçün sərhəddə təxribatlar törədə bilərlər.

 

“Türkiyə nüvə silahına malik olmalıdır”

 

- Azərbaycanı belə təxribatların, təzyiqlərin qarşısının alınmasında Azərbaycan-Türkiyə amilini, birliyini necə qiymətləndirmək olar?

 

- Türkiyə regionda iddialı siyasət həyata keçirir, bu da Qərbi qıcıqlandırır. Həm də Qərbdə Türkiyənin güclənməsindən qorxurlar. Türkiyə kiçik, əhalisi 5-10 milyon arasında olsaydı, çoxdan Türkiyəni Avropa İttifaqına qəbul etmişdilər. Hətta totalitar rejimdən çıxan Şərqi Avropa ölkələrini dərhal Avropa İttifaqına qəbul etdilər, amma Türkiyəyə deyirlər ki, səndə demokratiya ilə bağlı vəziyyət yaxşı deyil. Halbuki Şərqi Avropa ölkələrində Kommunist Partiyası, totalitar rejim mövcud olanda Türkiyədə demokratik seçkilər keçirilirdi. Türkiyəni ona görə qəbul etmirlər ki, əhalisi çoxdur, ərazisi böyükdür, keçmişi, böyük dövlətçilik təcrübəsi var. Qərbə idarə olunan, geri qalmış, NATO-nun cənub cinahında onları qoruyan, amma onlardan tam asılı bir dövlət lazımdır.

 

İndi Türkiyənin tam güclənməsinə imkan verməmək üçün onu hansısa müharibəyə cəlb edib taqətdən salmaq istəyirlər. Rusiya ilə müharibəyə cəlb etmək istədilər, Yunanıstanla münasibətləri həddən artıq gərginləşdirdilər. Arada Misirlə qarşı-qarşıya qoymağa çalışdılar. İndi çalışırlar İsraillə qarşıdurmaya cəlb etsinlər. Türkiyə bunlardan qaçmalıdır. Türkiyə hazırda özünün hərbi-sənaye kompleksini yaradır. Türkiyəyə qırıcı təyyarələr lazımdır, ABŞ-dan ala bilmir, Avropa vermir, bu prosesi uzadırlar, çünki Türkiyənin güclü ordusunun olmasını istəmirlər. Türkiyə nəyin bahasına olursa olsun, nüvə silahına malik olmalıdır. O zaman Türkiyənin sözü daha çox eşidiləcək, mövqeyinə daha çox hörmət qoyulacaq. Niyə İsrail regionda nüvə silahına malik ola bilər, mən bunu əleyhinə deyiləm, amma Türkiyə ola bilməz? Yaxud niyə Fransa nüvə silahına malik ola bilər, əhalisinin sayı az qala 1,5 dəfə Fransadan çox olan Türkiyə ola bilməz? Ya nüvə silahı heç kimdə olmamalıdır, ya da böyük dövlətlərin nüvə silahı olmalıdır. Nüvə silahı çox böyük çəkindirici gücə malikdir , Üçüncü Dünya Müharibəsinin başlamamasının əsas səbəbi insanların daha ali dəyərlərə sahib olması deyil, nüvə silahıdır. Ona görə də Türkiyə özünün nüvə silahını yaratmaq barədə ciddi düşünməli, bu istiqamətdə Rusiya və Pakistanla sıx əməkdaşlıq etməlidir.

 

“Türk-Slavyan Respublikaları İttifaqı yaranmalıdır”

 

Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf etməli və müttəfiq dövlətlər səviyyəsinə yüksəlməlidir. İndi strateji tərəfdaşıq, müdafiə sahəsində əməkdaşlığımız var, Şuşa Bəyannaməsi imzalanıb. Amma bunu yetərli saymıram. Münasibətlər daha da inkişaf etdirilməlidir. Avrasiya məkanında güclü Türk-Slavyan Respublikaları İttifaqı yaranmalıdır. Bu ittifaqa İran və digər keçmiş sovet respublikaları da qoşula bilər. Türkiyənin ittifaqda olması çox vacibdir. Bu, Avropa İttifaqı ilə Çin və Asiya ölkələri arasında yeni böyük gücün ortaya çıxmasına, Türk respublikalarının və xalqlarının bir ittifaqda birləşməsinə ,ittifaq ölkələrinin sürətli inkişafına yol açar. Niyə Avropa dövlətləri ittifaq yarada, vahid valyutaları, gömrükləri, sərhədləri ola bilər, amma biz bunu qura bilməyək? Türkiyə TSRİ-də olacağı təqdirdə bu, Rusiya ətrafında yaradılmış ittifaq görüntüsü yaratmayacaq və digər respublikalar da SSRİ-nin bərpa olunduğunu düşünüb bu ittifaqa qoşulmaqdan çəkinməyəcəklər. Sadəcə, lazımdır ki, Rusiya bu yeni geosiyasi reallıqları qəbul etsin və özü Türkiyəni ora dəvət etsin. Türkiyə də qəbul etsin ki, onu xristian klubu olan Avropa İttifaqına heç vaxt qəbul etməyəcəklər, ona görə Avrasiya məkanında yeni Türk-Slavyan Respublikaları İttifaqının yaranmasına dəstək versin. Belə bir ittifaq bölgədə sülhə töhfə verəcək, müharibələrin qarşısını alacaq, iqtisadiyyatın inkişafına, insanların rifahına xidmət edəcək. İran həm də bir türk dövlətidir, əhalisinin yarısı Azərbaycan türkləridir, uzun müddət Azərbaycan türkləri tərəfindən idarə edilib. Ona görə İran da bu ittifaqa cəlb olunmalıdır. Azərbaycan və Türkiyə prezidentlərinin 3+3 formatlı əməkdaşlıqla bağlı təklifi də həmin İttifaqın rüşeymi, əsası ola bilər. Ona görə də bu formata əməkdaşlığa xüsusi diqqət yetirilməlidir.

 

- Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün keçirilməsini necə dəyərləndirirsiniz?

 

- Çox yüksək qiymətləndirirəm. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Bu, çox uğurlu bir ifadədir. Mən vaxtilə bir təkliflə də çıxış etmişdim. Hazırda dünyada pantonlardan istifadə etməklə sualtı dəmiryolu və avtomobil yolları çəkilir. Bu barədə düşünmək lazımdır. Çini bu işə qoşsaq, Avropa İttifaqından dəstək istəsək, bəlkə Avropa İttifaqından da buna dəstək verənlər olar, Xəzər dənizində bu layihəni gerçəkləşdirmək olar. Bu, texniki baxımdan da çətin deyil. Məsələn, Norveçdə 1000 km uzunluğunda pantonlardan asılan sualtı tunel-körpü tikilir. Halbuki Xəzərin ən ensiz hissəsi Azərbaycanla Türkmənistan arasında 204 km-dir. Vaxtilə Stalin Xəzəri ortadan bölüb Orta Asiya ilə Azərbaycanı birləşdirəcək yol çəkmək istəyib. Çünki Xəzərin Azərbaycanla Türkmənistan arasındakı hissəsi elə dərin də deyil. Ancaq onu inandırıblar ki, bu, ekoloji fəlakət olar və Stalin bu layihədən imtina edib. Yəni su dayaz olduğuna görə o barədə də düşünürlərmiş. Amma süni yaradılacaq adalardan, pantonlardan istifadə etməklə belə layihəni həyata keçirmək, su altından avtomobil və dəmir yollarını çəkmək olar. Mən Norveçlə də müqayisə etdim, təxminən 40-50 milyard dollar vəsait tələb oluna bilər. Hətta sınaqlar göstərir ki, ağır okean gəmiləri qəzaya uğrayıb batsa belə yenə də həmin kommunikasiyanı ciddi zədələməz. Bu da bir ideyadır. Hazırda isə gəmilər, bərələr vasitəsi ilə bu yüklər daşınır.

 

Biz eyni geosiyasi məkandayıq. Vaxtilə türklər Altaydan indiki Anadoluya qədər yayılıblar. İndi Xəzər bizi ayırır, qeyd etdiyim kimi, bu da problem deyil. Biz quru yollarla əlaqəni İran üzərindən də yarada bilərik. İndi Türkmənistan qazı İrana ötürülür, svop qaydasında İran Azərbaycana qaz verir.

 

Azərbaycanın SPECA-nın Zirvə görüşünə sahiblik etməsi həm bizim artan nüfuzumuzun göstəricisidir, həm də regionda inteqrasiya və əməkdaşlığın gerçəkləşməsi üçün Azərbaycan mərkəzi oyunçulardan birinə çevrilir. Türk Dövlətləri Təşkilatının yaranmasında Türkiyə qədər Azərbaycan da aktiv olub. Mən Macarıstanın Baş naziri Viktor Orbanın bu tədbirdə iştirakını, Macarıstanın Azərbaycana dəstək verməsini, ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı Azərbaycana təbrikini yüksək qiymətləndirirəm. Yuxarıda qeyd etdiyim Qərb ölkələrinin heç biri Azərbaycanı ərazi bütövlüyünü təmin etməsi ilə bağlı təbrik etmədi, həmin dövlətlərin səfirləri dəvətimizi qəbul edib Şuşaya getmədilər. Ona görə də Azərbaycan bu coğrafiyada fəal olmalı, region ölkələri ilə hərbi, iqtisadi-ticari sahədə ciddi əməkdaşlıq etməlidir. Bu tipli tədbirlər xalqların inteqrasiyasına, sülhə, inkişafa xidmət edir.

APA

Xəbərlər