Siyasət 28 İyun 2023, 22:45 | Baxış sayı: 103
"Müəyyən dairələr regionumuzda sülhün təmin olunmasında maraqlı deyil"

"ABŞ - da Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirildiyi bir vaxtda Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş təxribat bu danışıqları pozmaq məqsədi daşıyır. Bu təxribat nəticəsində bir hərbi qulluqçumuzun yaralanmasına görə ordumuzun cavabı çox sərt oldu. Belə ki, ordumuzun keçirdiyi "Qisas" əməliyyatı nəticəsində qanunsuz erməni dəstələrinin bir neçə üzvü məhv edildi ".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ermənistan və havadarları hər zaman Azərbaycana qarşı beynəlxalq miqyasda qərəzli kampaniya aparır və bununla da ölkəmizin dünyada artan nüfuzuna zərbə vurmağa çalışırlar. Halbuki, 44 günlük Vətən müharibəsində qələbə qazanmasına baxmayaraq, ölkəmiz Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Dövlətimizin istəyi budur ki, müharibə mərhələsi arxada qalsın, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilsin. Lakin müəyyən dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil.

Millət vəkilinin sözlərinə görə, iyunun 27-də Ağdam istiqamətində baş vermiş erməni təxribatında Rusiya sülhməramlıları da müəyyən qədər məsuliyyət daşıyır. Çünki qanunsuz erməni silahlı dəstələri məhz sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə mövcuddur. Bu da onu deməyə əsas verir ki, təxribatın məqsədi ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlara xələl gətirməkdir.

Fatma Yıldırım qeyd edib ki, bu gün Laçın dəhlizi ilə bağlı da Qərb dairələri ermənilərin maraqlarına uyğun olan təbliğat aparırlar. Görünən odur ki, dünyada bir birinə düşmən olan qütblər erməni məsələsində ortaq mövqedən çıxış edirlər. Bunun da səbəbi odur ki, Ermənistan onların əlində bir alətdir və öz məqsədləri üçün istifadə edirlər. Bu qüvvələr unutmamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və hər hansı qüvvə bizim iradəmizə təsir göstərə bilməz. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ona görə də, öz mövqeyində prinsipialdır.

Xəbərlər