Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında videoformatda ilk iclasına toplaşıb.
Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında videoformatda ilk iclasına toplaşıb.
İclasda komitənin sədri Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitədə keçirilən 11 iclasda 21 məsələyə baxılıb. O cümlədən, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə və eyni zamanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsinə dair günün tələbindən irəli gələn qanun layihələrinə, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq olunmasına baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən qanun layihələrinin əksəriyyəti komitədə üç oxunuşdan keçib və parlamentdə qəbul olunub.
Hesabatda vurğulanıb ki, sessiya ərzində seçicilərin qayğıları diqqət mərkəzində saxlanılıb, komitəyə daxil olan 121 ərizə və şikayət araşdırılıb, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 55 məktub göndərilib. Digər müraciətlər isə ictimai qaydada öz həllini tapıb.
Ziyafət Əsgərov qeyd edib ki, hesabat dövründə komitə üzvləri sosial şəbəkələrdə fəallıq göstəriblər, ordumuza dəstəklə, həmçinin ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı KİV-lərdə sanballı məqalələrlə çıxış ediblər.
Sonra onlayn iclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.
Komitənin payız sessiyasında keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə də baxılıb, sənədin əhəmiyyəti ətraflı şərh edilib.
Müzakirə zamanı komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülmüş işlər və payız sessiyası üçün iş planı barədə fikirlərini bildiriblər. Qardaş ölkələr olan Azərbaycanla Türkiyənin xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu yüksək qiymətləndirilib. Deputatlar komitənin işi ilə bağlı bir sıra təkliflərini nəzərə çatdırıblar.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Komitənin iclasında deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Erkin Qədirli, Nurlan Həsənov, Kamal Cəfərov və Aqil Abbas, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.