"Mərc oyunları və latoreyaları pərdələnmiş qumar sistemi hesab edirəm".
“Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm. Mənim də qulağıma çatır ki, bunu Cavid Qurbanovla əlaqələndirilər, amma əlimdə fakt olmadan dəqiq söz deyə bilmərəm. Hər kim olursa-olsun, bu, Azərbaycana ziyan vurmaqdan başqa bir şey deyil. Həmçinin “Topaz” şəxsi varlanma vasitəsidir. Milli Məclisdə mərc oyunları, qumarın fərqləndirilməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər etdik. Burada məqsəd nəyin qumar, nəyin mərc oyunu, latoreya və s. olmasını fərqləndirmək idi. Bu, məsələnin qanuni tərəfidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, məsələnin mənəvi tərəfinə gəlincə isə, şəxsən heç vaxt mərc oyunlarını, latoreyaları qəbul etmir: “Hesab edirəm ki, bu, dövlətin özünün qumar oynamasıdır. Dövlət vətəndaşa bunu qadağan edir, amma özü onlarla qumar oynayır. Çəkinmədən deyirəm ki, bunu qəbul etmirəm. Hələ həyatımda bir dəfə olsun lotoreya almamışam, çünki həm bəxtimə güvənmirəm, həm də hər şeyi özüm əldə etmək istəyirəm. Əslində, “Topaz”da qeyri-sağlam münasibətlər kəskindir. Bu, əhalini soymağa, faydalı işdən yayındırmağa xidmət edir və onlara ideoloji cəhətdən ziyan vurur. Bəzi vətəndaşlar ailəsini dolandırmaq əvəzinə mütəmadi lotoreya biletləri alır, mərc oyunlarına girişir, əşyaları satıb onun pulunu, əmək haqlarını, pensiyaları belə oyunlara qoyurlar. Bütün bunlar Azərbaycan xalqına ciddi ziyan vurur. Qanunvericilikdə belə oyunlar qanuniləşib. Amma bir insan kimi mən belə mərc oyunları və latoreyaları pərdələnmiş qumar sistemi hesab edirəm. Xalqın mənəviyyatına qarşı yönəlmiş haldır”.
Fazil Mustafa:
“Qumarın bütün növlərinin tətbiq olunmasının əleyhinəyəm. Amma müasir dünyada bunu qapatmaqla problem çözülmür”.
Deputat vurğulayıb ki, əgər belə yerləri qapadacaqsansa, o zaman pullar başqa ölkələrə gedəcək: “Ona görə də, bunu sadəcə nəzarətə götürmək lazımdır. Yaş həddi, ailəsində problemi olan, burada müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.
Tahir Rzayev isə deyib ki, qumar oyunları cəmiyyət üçün yolverilməz haldır.
“Bir sıra xarici şirkətlərə məxsus mərc oyunlarının qadağan edilməsi müsbət haldır və Azərbaycan cəmiyyəti tərəfindən də razılıqla qarşılanmalıdır. Fikrimcə, “Topaz”a da qadağa qoyulmalıdır. “Topaz”da külli miqdarda vəsait uduzan, borca düşən, nəticədə evini satmağa məcbur olan adamlar var. Mərc oyunlarının heç birini düzgün qəbul etmirəm. Həmin oyunların nəticəsində hansısa tərəfin həyatına təhlükə yaranırsa, uduzur, problemlərlə qarşılaşırsa, bu, qəbuledilməzdir”.
Deputat Elman Məmmədov da qeyd edib ki, bu cür oyunların qəti əleyhinədir.
"Bir şeyin ki, adı mərc oyunlarıdır, yəni, bunun indi adını dəyişdiriblər, amma birmənalı olaraq bunlar qumardır, pis, zərərli vərdişlərdir. Təbii ki, qanunla bunların qarşısı alınmalıdır. Kütləviləşməsinə də imkan verilməməlidir. Kimlərsə nə yollasa, fırıldaq yollarla bunun adını dəyişib, buna rəhbərlik edib və pul qazanırlar".