Siyasət 2 İyun 2023, 15:47 | Baxış sayı: 134
“Moskvada olduğu kimi, Kişinyovda da möcüzənin olacağına inananlar sadəlövhlük edirdilər”

“Kişineu şəhərində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi məqsədilə əvvəlcə üçtərəfli, sonra beştərəfli görüş keçirildi. Üçtərəfli görüşdə Avropa Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etdi. Beştərəfli görüşdə prosesə artıq Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts da qatıldı. Əvvəla, heç bir halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı yeni formatın - Kişineu formatının yaradılmasından söhbət getmir. Brüssel formatı var və bu formatın işləməsinə maneə ola biləcək addım Makronun Praqada proseslərə qatılması oldu. Bundan sonra çox ciddi pauza yarandı. Bu dəfəki görüşə Makronla yanaşı Şoltsun da qatılması hesab olunur ki, müəyyən mənada balans yaradacaq. Çünki Fransa Avropa İttifaqanda siyasi lokomotivdirsə, bunun qarşılığında Almaniya iqtisadi lokomotivdir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Almaniya-Azərbaycan münasibətlərində müsbət tendensiyalar hər zaman müşahidə olunur: “Almaniyanın prosesdə iştirakı müəyyən mənada tənzimləmə məsələlərinə daha ciddi aydınlıq gətirilməsi və proseslərin irəliləməsi üçün münbit şəraitin təmin edilməsi baxımından sərfəli hesab oluna bilərdi. Ancaq bu, heç bir halda Brüssel formatının - üçtərəfli formatın dəyişdirilməsi anlamında qəbul edilməməlidir. Görüşlərin nəticəsindən də aydın olur ki, ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı 1991-ci ilin Almatı bəyannaməsi əsas götürülüb. Praqada da eyni addım atılmışdı. Bu, o deməkdir ki, Sovet İttifaqının tərkibində olarkən respublikalar hansı sərhədə malik idilərsə, müstəqil olarkən də eyni sərhədlərə malik olmalıdırlar. Sovet İttifaqının tərkibində olarkən də Qarabağ Azərbaycanın ərazisi idi. Müstəqillik illərində də məhz belə olmalıdır. 1991-ci ilin Almatı bəyannaməsi də bunu nəzərdə tutur. Bu, Azərbaycan üçün çox mühüm məsələdir”.

 

“Paşinyanın mətbuata verdiyi məlumatda da qeyd olunur ki, bu görüşlərdə ilk növbədə hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı məsələ müzakirə olunub və müsbət yanaşma əldə edilib. Bu, bizim üçün fundamental məsələdir. Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Kişineu danışıqlarının nəticələri ilə bağlı “Twitter”də yaydığı məlumata da qeyd olunur ki, danışıqlar konstruktv ruhda davam etdirilib, müsbətə doğru müəyyən addımlar atılıb. Ən əsası məhsuldar danışıqların olması ilə bağlı yanaşma öz əksini tapıb. Təəssüf ki, danışıqların ardınca Makronun yaydığı məlumatlar danışıqların ümumi ruhuna tamamilə ziddir. Bu, danışıqların ümumi mahiyyətinin təhrif edilməsi anlamındadır. Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu haqda məlumat yayıb”.

 

Deputat vurğulayıb ki, danışıqların nəticəsi olaraq əldə edilmiş razılaşmaya görə, iyul ayında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə üçtərəfli görüş keçiriləcək: “Artıq müəyyən ümidlər yaranır ki, ən doğru yanaşam məhz üçtərəfli formatda aparılan danışıqlardır. Kənar oyunçuların prosesə müdaxiləsi və iştirakı nəticə etibarilə razılaşmanın əldə edilməsi prosesini daha da ağırlaşdırır. Hesab edirik ki, iyulda görüş keçirilməsi ilə bağlı əldə edilmiş razılaşma çox müsbət hadisədir. Əslində, Moskvada olduğu kimi Kişineuda da möcüzənin olacağına inananlar sadəlövhlük edirdilər. Nə Moskvada, nə də Kişineuda sülh müqaviləsinin imzalanacağını gözləmək lüzumsuz idi. Amma hər halda bütün bu görüşlər danışıqlar prosesindəki intensivlikdən xəbər verir. Cəmiyyət baxımından hər şey qaydasındadır. Çox istəyərdik ki, bütün bu intensivlik, çoxsaylı görüşlər nəticə etibarilə kəmiyyətdən keyfiyyətə keçid alsın, məntiqi sonluğa gəlib çatsın. İndi isə bütün baxışlar Brüsselə yönəliməkdədir...”

Xəbərlər