Ümumi 18 Sentyabr 2023, 16:35 | Baxış sayı: 127
“Möhkəm dəmir, beton işləri görülmür, armaturlar paslı qoyulur, sement az istifadə olunur”

“Azərbaycanda müxtəlif ərazilərdə körpülərin uçması bizdə çox böyük qayğılar yaradır. Körpülərin bəziləri yeni tikilib, bəziləri isə Sovet dövründə, hətta ondan da əvvəl tikilənlərdir. Uçmaların təbii səbəblərlə yanaşı subyektiv səbəbləri də var. Biz tez-tez Çində, Hindistanda və başqa ölkələrdə körpülərin uçması, dağ uçqunları nəticəsində yolun kəsilməsi kimi hadisələrin şahidi oluruq. Hazırda körpülərin uçmasına əsas səbəb çaylarda suyun artması, körpü dayaqlarının yuyulması kimi proseslərdir. Eyni zamanda tikinti aparılarkən möhkəm dəmir, beton işləri görülmür, armaturlar zəif, yaxud paslı qoyulur, sement az istifadə olunur, texnoloji ölçülər düzgün aparılmır, arxitektura və tarazlıq məsələləri düzgün ölçülüb-biçilmir. Buna görə də uçqun olanda, sel gələndə zəif yerlərdə deformasiyalar yaradır, nəticədə belə faciəli hadisələr baş verir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

“Hər bir halda, körpülərin uçması bizim üçün böyük bir dərsdir. Yol, körpü tikintisi ilə məşğul olanlar bu haqda çox ciddi düşünməlidirlər ki, körpülər 5-10 il deyil, 100 illərlə ömrü olan qurğular olmalıdır. Məsələn, Xudafərin körpüsü qədimdə tikilməsinə baxmayaraq, o qədər doğru ölçülüb-biçilib ki, uçquna, selə davam gətirir. Hesab edirəm, bu məsələdə əsas mühəndis dəqiqliyi, eyni zamanda işlənən materialların yüksək keyfiyyəti tələb olunur”, - deputat bildirib. 

 

Qeyd: Son üç gün ərzində Azərbaycanda iki dəfə körpü uçması baş verib. Belə ki, sentyabrın 15-də Gəndob-Yalama yolunun 27-ci km-də, Xaçmaz-Xudat yolunun Qudyalçay üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb. Sentyabrın 18-də isə Astarada Vaqo kəndini Siyaku, Miki, Toradi, Hamoşam kəndləri ilə birləşdirən körpü uçub. 

pravda.az

Xəbərlər