“Məni niyə xalqla bu qədər üz-göz edirlər, çəkdiyim zəhmət, gördüyüm işlər yerə vurulur?”
“Son dövrlər müxalif kəsimlə aramızda müəyyən narazılıqlar yaşanır. Şəxsi planda da nəzərdə tutulsa, bizim birgə yol getməyimizin mümkün olmamasının bəzi səbəblərini də deyərəm. Məsələn, AXC rəhbərliyi ilə mənim münasibətim onda korlanıb ki, 1993-cü il iyun hadisələrində tamamilə məni məsələlərdən kənarda qoyublar, heç nədən xəbərim olmayıb. Hadisələr qəfil baş verəndə mənə şok təsiri bağışlayırdı. Bunun üzərində proseslər baş verdi. Təsəvvür edin, gizli səsvermə yolu ilə AXC Ali Məclisinin üzvü seçilmişəm, Əbülfəz bəy onda Kələkidə idi. Əli Kərimlinin rəhbəliyi dövründə eşitmişəm ki, xəbərim olmadan məni Ali Məclisin üzvlüyündən çıxarıblar. Xeyir ola, bu, nə deməkdir? Səni seçiblər, amma özünün xəbərin olmadan necə olur ki, çıxarırlar? Özlərinə uyğun olmayan insanları bu cür neytrallaşdırırdılar. Mən buna necə xoş münasibət bəsləyə bilərəm?”
Bu sözləri müsahibəsində Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
O bildirib ki, əslində, burada siyasi orientasiya var: “Məsələn, Milli Şura, AXCP heç də hərəkatçı olmayan Rüstəm İbrahimbəyovu özünə lider seçdi, prezidentliyə namizədliyini irəli sürdü. Başa düşə bilmirəm, deməli, hərəkatçı olub-olmamasının fərqi yoxdur, kim iqtidarın düşmənidirsə, onu lider götürürlər? Bu, hansı əqidə göstəricisidir, bilmirəm. Ona görə də Əli Kərimlinin, yaxud Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və digərlərinin tutduğu mövqe, əlbəttə, mənim üçün qəribə idi. AXCP-nin ruporu, Əli Kərimlini daim mədh edən Qənimət Zahid mənə böhtan atıb. Keçən il haqqımda yalan yaydı ki, Tahir Kərimli respublikada mürəbbə biznesi ilə məşğuldur. Gör nə dərəcədə böhtan sözlərdir. Yaxud bu yaxınlarda “Sanitar-epidemioloji salamatlıq haqqında” qanunla bağlı müəyyən tədbirlər həyata keçirilməsinin vacib olduğunu bildirmişəm. Hətta haqqımda ironik klip də düzəldib. Sağlam olmayan münasibət... Qurban Məmmədov da mənim haqqımda şaiyə buraxıb ki, qardaşımın guya tikinti şirkəti var. Mənim qardaşlarım 20-30 ildir, işsizdir. Onların necə tikinti şirkəti olsun? Ola bilər, qardaşım haradasa müvəqqəti üç-altı ay mühəndis işləyib. Onlar daim işsiz olublar. Yaxud deyirlər ki, Tahir Kərimli bacısı oğlunu polis rəisi düzəldib. Mənim bacım oğlu hüquqşünasdır, amma taksi sürücülüyü ilə məşğuldur, nəinki polis rəisidir... Hər şeyin bir yönü var. Belə şəxsi müstəvidə məsələlər olur. Təbii ki, bunlara cavab verəndə o saat narahat olurlar. Tərtər hadisələri ilə də bağlı məni ittiham etdilər. Ay balam, Amerikada da elə olur ki, 20-30 ildən sonra insan bəraət alır. İndi dövlət tədbir görür, o vaxtlar nahaq işlər olub, rəhmətə gedəni də geri qaytarmaq olmaz, hamısına Allah rəhmət eləsin. Amma tədbirlər görülür, günahı olanlar aşkara çıxarılır. Proses gedir, dövlət bu işə çox ciddi əl qoyub, məşğuldur. Belə olan halda, mən də gözləyirəm, deyirəm ki, dövləti gözləmək lazımdır. Burada nə var, xalqı üstümə qaldırırsan ki, Tahir Tərtər hadisələrinin üstünün açılmasının əleyhinədir. Axı belə deyil. Səbirli olmaq lazımdır. Bu, çox ciddi məsələdir. Böyük bir faciə baş verib. Ağılla rəftar etmək lazımdır. Mən Milli Məclisdə xalqımın, dövlətimin xeyrinə çıxışlar edirəm, sən necə deyə bilərsən ki, bunlara imkan yaradırlar, korrupsiyadan danışsınlar. Əli Kərimli deyir ki, bu deputatlara imkan veriblər, xalqın dərdindən-sərindən danışmağa şərait yaradıblar, onları öyrədiblər. Necə yəni? Yadıma gəlmir, onlar 10 il deputat olublar, ümumiyyətlə, seçkilər demokratik deyildisə, necə seçilib ora düşüblər? Bu da mənə qaranlıqdır. Bəyəm sizi öyrədirdilər? Məni niyə xalqla bu qədər üz-göz edirlər, çəkdiyim zəhmət, gördüyüm işlər yerə vurulur? Əleyhimə deyirlər ki, sən danışma, sən danışanda qiymətlər daha da qalxır, belə çıxış etməyiniz üçün sizi öyrədiblər... Niyə adi insanların ağzına saqqız verirsən? Niyə onları mənim əleyhimə yönəldirsən? Təbii ki, cavabları verilməli idi, mən də vermişəm. Mənim heç kimlə şəxsi qərəzim yoxdur. Əslində bütün müxalifəti, iqtidarı mehriban münasibətlərin bərqərar olmasına, sağlam münasibətlər qurulmasına, qərəzdən imtina edilməsinə çağırmışam. Bu, daha faydalı olardı. Təsəvvür edin, on illərdir, xalq hərəkatında nə qədər dürüst insanlar var, amma onlar dövlət idarəsindən kənarda qaldılar. Halbuki ailələrini dolandırar, Vətənə xidmət edərdilər. Amma çoxu ölkəni tərk etdi, zindana düşdü. Düzgün qurulmayan siyasət nəticəsində cəmiyyətdə belə narahatedici proseslər baş verdi. Bunlara son qoymaq lazımdır”
Mənbə: pravda.az