Siyasət 25 İyul 2023, 17:29 | Baxış sayı: 98
"Minsk Qrupu işsiz dayanmaq istəmirsə, Rusiya-Ukrayna münaqişəsini tənzimləsin"

“Minsk Qrupu öz missiyasını yerinə yetirməyən və ermənilərin maraqlarını müdafiə edən riyakarlar qrupu olduğunu sübut edib. 28 il BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdirmək əvəzinə münaqişəni dondurmağa çalışıb. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT qətnamələrini öz gücü ilə bərpa edərək Minsk Qrupunu tarixin arxivinə göndərib. Bu gün Minsk Qrupunda iştirak edən dövlətlər arasında münaqişə yaşanır və Rusiya ilə bir təşkilatda mövcud ola bilməyəcəklərini bildiriblər”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, son vaxtlar  Qarabağda yaşayan ermənilərlə münasibətdə Qərblə Rusiyanın yenidən həmrəylik göstərəcəyini və Minsk Qrupun fəaliyyətini bərpa etdirəcəkləri ilə bağlı məlumatlar yazılır: “Minsk Qrupu işsiz dayanmaq istəmirsə, Rusiya-Ukrayna münaqişəsini tənzimləsin, ya da  Mayot adaları və Katalonların problemləri ilə məşğul olsun. Azərbaycana Minsk Qrupunun fəaliyyəti lazım deyil və istəyimiz olmadan heç vaxt MQ Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bir sözlə, Minsk Qrupu pensiyaya çıxıb və öz təqaüdləri ilə yaşamaqda davam etsin. Azərbaycan  daxili işlərini heç kimlə müzakirə etmir və daxili məsələlərini ölkə qanunlarına uyğun idarə edir. Qarabağda yaşayan ermənilər isə boş xəyallar arxasınca getmək əvəzinə Azərbaycan qanunlarına uyğun vətəndaşlıq qəbul edib yaşamağa hazır olduqlarını bildirsələr, normal həyata qovuşa bilərlər. Əks halda, anti-terror əməliyyat keçirməklə Qarbağın ermənilər yaşadığı ərazilərdə dövlət quruluşu bərpa etməyə məcbur olacağıq”.

pravda.az

Xəbərlər