Cəmiyyət 4 May 2022, 12:44 | Baxış sayı: 262
"Əminliklə deyə bilərik ki, mandat başa çatan kimi sülhməramlı qüvvələr Azərbaycan ərazilərini tərk edəcəklər".

“Hər keçən gün Rusiya sülhməramlılarının mandatının başa çatma müddətinin yaxınlaşdığı heç kimə sirr deyil. Əminliklə deyə bilərik ki, mandat başa çatan kimi sülhməramlı qüvvələr Azərbaycan ərazilərini tərk edəcəklər. Lakin təəssüflər olsun ki, Rusiya sülhməramlılarının nəzarətdə saxladığı ərazilərdə fəaliyyət göstərən qanunsuz silahlı erməni dəstələrinin dəfələrlə təxribat törətdiklərinin şahidi olmuşuq. Əlbəttə ki, belə təxribatların qarşısı Azərbaycan silahlı qüvvələri tərəfindən uğurla alınıb və həmin qanunsuz erməni dəstələri zərərsizləşdiriliblər. Təəssüf ki, biz erməni quldurlarının qanunsuz fəaliyyətinin yeniden şahidi oluruq. “Caliber”in yaydığı məlumata əsasən, erməni yaraqlılarının Xocavənd istiqamətində uzunmüddətli atəş mövqeləri qurduğu müşahidə edilib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, bu cür hallar davam edəcəyi təqdirdə Azərbaycan silahlı qüvvələri prosesi dayandıracaq və Rusiya sülhməramlı qüvvələrinin komandanlığına rəsmi etiraz bildirəcək: “Azərbaycan Ordusu, istənilən halda, belə təxribatların qarşısını alacaq. Bir faktı da unutmaq olmaz ki, həmin ərazilərdə bütün əməliyyat şəraitinə nəzarət Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilir. Onların Qarabağda qanunsuz fəaliyyətlə məşğul olmaları, sadəcə olaraq, manipulyasiya xarakteri daşıyır. Bu, hətta təxribata meyil olsa da, boş fəaliyyətdir. Çünki döyüş əməliyyatı, bütün zirvələr tamamilə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. Tezliklə sülh sazişi imzalanacaq və belə təxribatlara son qoyulacaq. Eşq olsun Azərbaycan ordusuna!”

Xəbərlər