"Min illik tarixi olan və bu gün də qalib gəlmiş ailə modelini qorumalıyıq"
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc AbzasMedia-ya açıqlamasında bildirib ki, “Ailə Məsələləri Nazirliyi”nin yaradılması eyni əhali sayı olan ölkələrdəki məmur sayı, nazirliklərin balansı ilə paralellər aparılaraq təklif olunub:
“Ailə kiçik dövlət, dövlət isə böyük ailədir. Bu qloballaşma şəraitində ənənəvi ailə modelinə müxtəlif xarakterli hücumlar olmasına rəğmən, dövlətin nüvəsinə, onun əsas dayaqlarına vurulan zərbələr fonunda irəli sürülən bəlkə də 40 təklifdən biridir ki, bu daha strukturlaşmış bir siyasətə çevrilsin. Komitə hüquqi baxımdan bir çox məsələlərə təsir edə bilmir, ilin sonunda dinləmələrdə iştirak edirlər, ancaq onun da əsasən ictimai-siyasi yükü var. Xüsusilə sosial məsələlər başqa bir nazirliyin səlahiyyətindədir. Ona görə də, biz burada xarici təcrübəni araşdırdıq və ölkəyə gətiririk” – deyə o bildirib.
Sənəddə qeyd olunub ki, "sosial şəbəkələr üzərindən qurulan tanışlıqların ailə strukturuna ciddi zərbə vurması, tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsi və ailələrin dağılmasına səbəb olması ilə bağlı maarifçi tədbirlərin həyata keçirilməsi zəruridir".
Mərkəzin idarə heyətinin sədri deyir ki, bu məsələyə qadağanedici mövqedən yanaşmayıblar:
“Təmsil etdiyim mərkəz o mövqedə deyil ki, sosial şəbəkələr olmasa, ailələr öz təməl möhkəmliyini daha yüksək saxlayacaq. Qapalı cəmiyyətlərin də özünəməxsus problemləri var. Amma bununla bərabər, bir sıra hallarda informasiya vasitələrini ciddi bir silaha çevirən və xüsusilə də dəyərlərə hücum üçün yaranmış, yumşaq güc kursunu dünyada reallaşdıran, alternativ ailə modellərinin təşviqi siyasətini aparan qüvvələr həqiqətən də şəbəkələrin imkanlarından geniş şəkildə yararlanır”- deyə o bildirib.
Zahid Oruc deyir ki, nəyi təhlükəli hesab ediblərsə, onu hesabatda vurğulayıblar:
“Biz düzgün mövqedəyik ki, min illik tarixi olan və bu gün də qalib gəlmiş ailə modelini qoruyaq. Həmin övladlar bizdə formalaşaraq gedib səngərdə qəhrəmana çevrilirlər. Biz hansı xətləri təhlükəli görmüşüksə, onu da qeyd etmişik”.