Siyasət 27 Aprel 2021, 14:06 | Baxış sayı: 295
Millət vəkili: "Təəssüflər olsun ki, güclü dövlətlər tərəfindən ikili standartlar hələ də davam etməkdədir".

"ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq Türkiyədə və Azərbaycanda kəskin etirazla qarşılanır. Düşünürəm ki, bütün dünyada haqqı və ədaləti dəstəkləyən xalqlar Amerika prezidentinin bu bəyanatına etiraz etməlidir. Əgər məqsəd tarixi faktları obyektiv araşdırmaqdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və bu iş ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Türkiyə dövləti rəsmi olaraq həmin dövrə aid arxivlərin açılmasını, həqiqəti üzə çıxarmaq üçün ortaq komissiyanın yaradılmasını illər öncə təklif edib: “Lakin Ermənistan tərəfindən bu məsələ ilə bağlı heç bir addım atılmayıb. Bu fakt növbəti erməni riyakarlığının nümunəsidir. Co Bayden də seçki ərəfəsində ermənilərə uydurma soyqırımını tanıyacağını vəd etməkdənsə, onlardan Türkiyə ilə ortaq komissiyanın yaradılmasını istəməliydi. Bu, daha ədalətli olardı. Təəssüflər olsun ki, güclü dövlətlər tərəfindən ikili standartlar hələ də davam etməkdədir. Əslində, 1915-ci ildə türklər soyqırımına məruz qalıb, o dövrdə 1.5 milyon günahsız, dinc türk qətlə yetirilib. Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. 1905-1907, 1918-ci il qırğınları, 1992-ci ildə baş vermiş Xocalı soyqırımı buna sübutdur. İnsanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmdə saxlamağa çalışırlar. Hesab edirəm ki, qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda, eləcə də Azərbaycan ərazisində törətdikləri amansız qətllərin hesabını istəyərdilər".

Deputatın sözlərinə görə, diqqət çəkən məqamlardan biri də odur ki, Co Baydenin bəyanatı hazırda Cənubi Qafqaz regionunda mühüm proseslər baş verdiyi dövrə təsadüf edir: “Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, dədə-baba torpaqlarımızı azad etdi. Azərbaycan, həmçinin, bölgəni erməni faşizmindən təmizləyərək, sülh və əmin-amanlığın bərqərar olunmasına nail oldu. Noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən, bölgədə quruculuq bərpa işləri, dayanıqlı inkişaf nəzərdə tutulub. Bu razılaşmanın tərkib hissəsi olaraq, Zəngəzur dəhlizinin açılması bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edir, çünki bu dəhliz türk dünyasının coğrafi baxımdan birləşməsinə və əlaqələrin daha genişlənməsinə xidmət edəcəkdir. Belə bir mühüm dövrdə Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması təəssüf doğurur. Bunu ancaq uğursuz qərar, tarixi səhv kimi qiymətləndirmək lazımdır. Görünən odur ki, ermənilərin havadarları bölgədə yaranmış yeni reallıqla barışmaq istəmirlər və onların türkofobiya sindromu hələ də davam etməkdədir. Amma artıq böyük türk millətinə bu cür saxta ittihamlarla təzyiq göstərmək mümkün deyil.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır: “Prezidentimiz İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə etməsi birliyimizin sarsılmazlığının daha bir nümunəsidir”.

Xəbərlər