Ümumi 12 Yanvar 2021, 19:05 | Baxış sayı: 290
Millət vəkili: “Moskva görüşü tamamilə Azərbaycanın maraqlarına uyğun olub”

“Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın zəfərinin məntiqinə söykənən nəticə ilə yekunlaşdı”.

Bunu APA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

F. Ağamalı deyib ki, noyabrın 10-da imzalanmış Bəyanatın ötən dövrdə bir sıra müddəaları yerinə yetirilib: “Bizim üçün narahatlıq doğuran məqam Bəyanat çərçivəsində yerləşdirilmiş sülhməramlıların öz funksiyası çərçivəsindən müəyyən qədər kənara çıxmasıdır. Bu da Prezident İlham Əliyev tərəfindən dünən keçirilən görüşdə çox incə şəkildə diqqətə çatdırıldı. Mən əminəm ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşündə bu məsələnin də üzərində dayanılıb”.

Millət vəkili qeyd edib ki, noyabrın 10-da imzalanmış və 9 maddənin yer aldığı Bəyanatın yerinə yetirilməsi 7-ci maddə istisna olmaqla, yekunlaşmaqdadır: “Bu da məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda yerləşdirilməsi ilə bağlıdır. O ərazilərdə dağıdılmış evlər, kommunikasiyalar bərpa olunduqdan sonra bu da gerçəkləşəcək. Atəşkəsə nəzarətlə bağlı Türkiyə və Rusiyanın yer alacağı Birgə Monitorinq Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Moskva görüşünün əhəmiyyəti odur ki, 10 noyabrdan ötən 2 ay ərzində görülən işlərə müəyyən mənada yekun vuruldu, növbəti mərhələ ilə bağlı ilk addım atıldı. Bu da Bəyanatda əksini tapan sonuncu - 9-cu maddə, yəni bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır. İqtisadi əlaqələrin və kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur. Bu, Mehridən keçməklə Azərbaycanın Naxçıvanla dəmiryolu və quru əlaqələrinin yaradılması, eyni zamanda Azərbaycanla Türkiyənin dəmir yollarının birləşdirilməsi, beləliklə, son dərəcədə strateji bir məqsədə nail olunması baxımından çox önəmlidir. Eyni zamanda bu, Rusiya, İran və Ermənistanın da maraqlarına uyğundur. Çünki Ermənistan İran və Rusiya ilə birbaşa dəmiryolu və quru əlaqələrini yarada bilir. Moskva görüşünün digər əhəmiyyəti odur ki, Nikol Paşinyanın təkliflərindən heç bir qəbul edilmədi. Paşinyan dekabr ayında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Hadrutda antiterror əməliyyatı keçirilməklə saxlanan terrorçuların hərbi əsir kimi təqdim etsə də, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi ortadadır. Eyni zamanda Paşinyanın Minsk qrupunu dirçəltmək təklifi həm Rusiya Prezidenti, həm də Azərbaycan Prezidenti tərəfindən mənfi qarşılandı. Status məsələsinin Ermənistan Baş naziri tərəfindən bir daha səsləndirilməsi isə sadəcə, Ermənistanın daxili auditoriyasına hesablanmış bir mesaj idi. Paşinyan çox yaxşı bilir ki, artıq Dağlıq Qarabağda yaşayan ermənilərə hər hansı status verilməyəcək. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər Azərbaycan qanunlarına tabe olaraq ölkəmizin bütün vətəndaşları kimi yaşamaq arzu və istəyində olsalar, digər etnik qruplar kimi Azərbaycanda yaşayacaqlar, revanşist qüvvələr isə təmizlənəcək”.

Millət vəkili hesab edir ki, Moskva görüşünün yekunları ilə bağlı qəbul edilmiş 4 maddədən ibarət Bəyanat Azərbaycanın maraqlarına uyğundur: “Bəyanat çərçivəsində Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu, ekspert yarımqrupları yaradılması qərara alınıb. Bu da Azərbaycanın növbəti diplomatik uğurudur. Beləliklə, biz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun olaraq yaxın bir neçə ildə bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndidə, Ağdərədə, Xocavəndin qalan hissəsində , Xocalıda, Əsgəranda da qanunlarımızı tətbiq edəcəyik, Azərbaycanın üçrəngli bayrağı orada qaldırılacaq. Bunun üçün Azərbaycanın imkanı və potensialı yetərincədir. Ona görə də ayrı-ayrı siyasət dəllalları, ermənilərin məqsədlərinə, maraqlarına xidmət edən antimilli qüvvələr, antimilli Şuraya daxil olan Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və Gültəkin Hacıbəyli yenə də Azərbaycan dövlətçiliyinə qarşı qərəzli, böhtan xarakterli mövqelərini nümayiş etdirməkdədirlər. Bu gün bütün dünya, eyni zamanda Ermənistan Azərbaycanın qələbəsini etiraf edir. Yalnız Ermənistandakı revanşistlər, Fransa kimi bəzi dövlətlər və onların sırasında yer alan antimilli şura canfəşanlığını davam etdirməkdədir. Bu antimilli şura şəhidlərimizin, igid əsgərlərimizin qanı ilə suvarılmış torpaqlarımızın geri qaytarmasını bayram etmək əvəzinə, ermənilər kimi yas içindədir. Bu, dəfələrlə dediyimiz kimi, bir daha onların erməni diasporunun, lobbisinin maliyyə qaynaqlarından istifadə etməsi ilə birbaşa bağlıdır. Bu gün Ermənistan Prezidenti Armen Sərkisyan Üçüncü Respublikanın - SSRİ parçalanandan sonra yaranan indiki Ermənistanın süquta uğradığını açıq şəkildə etiraf edir. Ermənistanı çökdürən Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan, onun müdrik siyasəti, iradəsi, qətiyyəti oldu. Bəs bu qaragüruhçular, avantüristlər, antimilli qüvvələr niyə bu həqiqəti görmək istəmirlər?! Çünki onların erməni lobbisi qarşısında öhdəlikləri var və fəaliyyətlərini bu öhdəliklərə uyğun qururlar. Əminəm ki, Azərbaycan xalqı onların bu antimilli yazılarına, çağırışlarına əhəmiyyət verməyəcək və Prezident İlham Əliyevin ətrafında bir daha sıx birləşəcək. Unutmaq lazım deyil ki, indi müharibə diplomatiya cəbhəsində Ermənistan və Ermənistanı müdafiə edən dövlətlərlə, qüvvələrlə davam edir. Diplomatiya cəbhəsində də Ali Baş Komandan Prezidentimizdir. Prezidentimiz başlamış olduğu bu zəfəri sona çatdıracaq, buna heç kəsin şübhəsi olmasın”.

Xəbərlər