Siyasət 19 Aprel 2021, 15:16 | Baxış sayı: 300
Millət vəkili: "Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kimi görməsinin bəyanı idi: “Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri  təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən,onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandaliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olunmasında başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi. Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri  arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və azərbaycanfobiyadan, türkofobiyadan qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu  qeyd etdi”.

H. Babaoğlu nəzərə çatdırıb ki, artıq hər kəsə Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycanın öz güclü ordusu vasitəsilə söndürməsi məlumdur: “Bu, ölkəmizə yeni qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.

Xəbərlər