Ümumi 7 Aprel 2021, 14:43 | Baxış sayı: 360
Millət vəkili: "Bu dəfə, işğaldan azad olunmuş torpaqlarımızı görər və çəkərsiz, yeni əsərlərin əsasında daha bir müsabiqə keçirərik”

Axar.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirliklərinin rəsmi təmsilçiləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyi, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi, rəssamlar və mədəniyyət sahəsində fəallar iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva iki ölkə arasındakı tarixi dostluqdan, özbək ziyalılarının Vətən müharibəsi günlərində, ümumən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün verdiyi mənəvi dəstəkdən, onların dünya birliyinə müraciət edərək Azərbaycana həmrəylik nümayiş etdirmələrindən danışıb, Özbəkistan dövlətinin və xalqının qardaşlığını yüksək qiymətləndirib.

Q.Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladığını, şəhər və kəndlərimizi, milli mədəni irsimizi tamamilə dağıtdığını, məhv etdiyini xüsusi vurğulayıb. O, Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi bu layihəni yüksək qiymətləndirib, onun yalnız rəsm müsabiqəsindən ibarət olmadığını, qardaş xalqlar arasında möhkəm dostluq körpüsünü daha da möhkəmləndirdiyini bildirib.

Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunmasını xatırladan Q.Paşayeva bu müqəddəs şəhərin eyni zamanda türk dünyasının, islam dünyasının mədəniyyət paytaxtı olduğunu qeyd edərək, Qarabağda Azərbaycan mədəniyyət abidələrinə qarşı erməni vandallığını, eyni zamanda ümumtürk, ümumislam və bəşər mədəniyyətinə qarşı vandallıq aktı kimi xarakterizə edib.

Komitə sədri Qarabağı görmədən gözəl rəsm əsərləri ilə çıxış edən özbək rəssamlarını Azərbaycana dəvət edib, onları uyğun zamanda Qarabağda, Mədəniyyət Paytaxtımız Şuşada görməkdən şad olacağımızı söyləyərək, “bu dəfə, işğaldan azad olunmuş torpaqlarımızı görər və çəkərsiz, yeni əsərlərin əsasında daha bir müsabiqə keçirərik” - deyib.

Xəbərlər