Siyasət 14 İyun 2023, 15:20 | Baxış sayı: 197
“Milli Qurtuluş Gününün xalqımızın yaddaşında özünəməxsus yeri var”

"Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir. 15 İyun – Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib. 

Deputat bildirib ki, ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun gününün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır:

"15 iyun 1993-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Həmin gün Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 

Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.Məhz həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən milli bayram elan edildi".

Məzahir Əfəndiyev qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi:

"İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm zəfər məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz qələbənin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir. 

2023-cü ildə xalqımız Milli Qurtuluş Gününü “Heydər Əliyev İli”ndə ikiqat sevinc və qürur hissi ilə qeyd edir. Bu il həm Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri, eyni zamanda doğma Qarabağımızda sürətlə həyata keçirilən Böyük Qayıdışı özündə ehtiva edir". 

Xəbərlər