Siyasət 10 May 2023, 14:07 | Baxış sayı: 257
“Heydər Əliyev Azərbaycanı xaos və anarxiya məngənəsindən qurtardı”

“Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Onu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu adlandırmaq daha düzgün olar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. 

Deputat bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı:

“Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da Heydər Əliyev siyasətinin bəhrəsidir”.

M.Əfəndiyev qeyd edib ki, ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir:

“Azərbaycan dövlətçiliyinin sınağa çəkildiyi ağır, çətin vaxtlarda ilk dəfə onun rəhbərliyi ilə xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Çox ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Heydər Əliyev Azərbaycanı xaos və anarxiya məngənəsindən qurtardı”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ilk görüşü Milli Məclisdə gənclərlə olub:

“Ümummilli lider daima gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirirdi. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq, əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq”.

Xəbərlər