KOMİTƏ İCLASLARI 20 Aprel 2022, 12:14 | Baxış sayı: 55
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

Aprelin 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.

İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Əvvəlcə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən komitə sədri sənədin mahiyyəti barədə danışıb. Qeyd edib ki, müzakirəyə çıxarılan dəyişikliklər ölkəmizdə 2019-cu ildən başlayan dərin islahatlar paketinin tərkib hissəsi olan əmək pensiyaları sahəsində sosial ədalətin və sosial müdafiənin gücləndirilməsi tədbirlərinin davamıdır. Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklərdən məqsəd əmək pensiyalarının təyinatının və ödənişinin təkmilləşdirilməsi, sığorta prinsiplərinə əsaslanan sistemin dayanıqlığının artırılması, elektron hökumət çərçivəsində avtomatlaşdırma işinin sürətləndirilməsidir. Dəyişikliklərin cəmiyyətin sosial sifarişindən qaynaqlandığını qeyd edən Musa Quliyev sənəddə bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin  yumşaldılmasından danışıb. Komitə sədri bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini bildirib.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə geniş məlumat verib. O, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən ümumilikdə 10 maddə üzrə 40 dəyişikliyi deputatların diqqətinə çatdırıb.

Adil Vəliyev qanun layihəsində təklif olunan kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar barədə ayrı-ayrılıqda məlumat verib.

O, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklərin müsbət xarakterini vurğulayıb.

Layihə ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək son dövrlər Azərbaycanda pensiya təminatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə şəffaflığın, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə həyata keçirilən islahatlardan danışıb. O, keçirilən pensiya islahatlarının nəticələri, bu sahədə müsbət dinamikanı təsdiqləyən göstəriciləri diqqətə çatdırıb, qanun layihəsində təklif olunan dəyişikliklərin aktuallığını şərtləndirən əsas amillərdən bəhs edib.

Sənədin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Jalə Əliyeva, Sevinc Hüseynova, Vüqar Bayramov, İlham Məmmədov, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Aqil Məmmədov, Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin müdiri Zəfər Rzayev çıxış ediblər, sənədlə bağlı fikirlərini səsləndiriblər. Deputatlar dəyişikliklərin mütərəqqi xarakter daşıdığını qeyd ediblər, sosial müdafiə tədbirlərinin genişləndirlilməsi imkanları ilə bağlı fikirlərini bildiriblər.

Qarşılıqlı fikir mübadiləsi və dinləmələr şəraitində keçən müzakirələrdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildiriblər, suallarını cavablandırıblar.

Müzakirələrin sonunda deputatlar “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev  “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Adil Vəliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilib. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin olunması imkanı yaradılır.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı şöbə müdiri bildirib ki, məcəllənin 49-cu maddəsinin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə bu qanun layihələrini də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edib.

İclasda deputat Rauf Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Hesablama Palatasının əməkdaşları da iştirak ediblər.

Xəbərlər