KOMİTƏ İCLASLARI 29 İyun 2021, 13:24 | Baxış sayı: 337
Milli Məclisin Elm və Təhsil Komitəsində "Ali təhsil haqqında" qanun layihəsindən danışılıb.

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

Komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev iclası açıq elan edərək bildirib ki, bu gün ölkəmiz elmi biliklərin, təcrübənin nəsildən nəslə ötürməyə əsas verən müasir təhsil sistemi şəbəkəsinə malikdir.

Bəxtiyar Əliyev: "Təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində, o cümlədən qəbul edilmiş dövlət proqramlarının hər birində ali təhsilin yeni normativ hüquqi bazasının yaradılması zəruridir. Vurğulanıb ki, ali təhsilin inkişafını, bu istiqamətdə islahatların sürətləndirilməsini təmin etmək üçün “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən 2019-cu ilin sentyabr ayında yaradılıb. İşçi qrupuna komitənin üzvləri, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndələri, rektorlar və təhsil ekspertləri daxildir. Ötən müddət ərzində işçi qrupun üzvləri məhsuldar işləyib, çox sayda müzakirələr aparıblar.

Müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır. Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev öz çıxışında deyib ki, təqdim olunan qanun layihəsi Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır. "Eyni zamanda, dünyada sürətli dəyişikliklər baş verir. Biz bu dəyişiklikləri Azərbaycan ali təhsilinə gətirmək istəyirik. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir".

Tədbirdə iştirak edən komitə sədrinin və işçi qrupu rəhbərinin müavini Musa Qasımlı, qrupun üzvləri - deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Etibar Əliyev, Eldar Quliyev, Şahin Seyidzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkilləri Müşfiq Məmmədov, Tamam Cəfərova qanun layihəsi barədə öz qeyd və təkliflərini irəli sürüblər.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil naziri Emin Amrullayev çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər. Qeyd olunub ki, müzakirələr zamanı daxil olan təkliflər də nəzərə alınmaqla layihə üzərində iş davam etdiriləcək. Layihə ilə bağlı QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr də nəzərdə tutulub. Qəbul ediləcək qanun ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Xəbərlər