Milli Məclisin deputatları Sankt-Peterburqa gedəcəklər
Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ekoloji Konqresin “Planetin ekologiyası - davamlı inkişaf” mövzusunda keçiriləcək plenar iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, Neva Beynəlxalq Ekoloji Konqresinin Təşkilat Komitəsinin həmsədri Valentina Matviyenkonun, Baş nazirin müavini, qurumun həmsədri Viktoriya Abramçenkonun, Milli Məclis Sədrinin müavini Adil Əliyevin, MDB üzv dövlətlərinin milli parlamentlərinin nümayəndələrinin, federal və regional dövlət orqanlarının rəhbərlərinin çıxışları nəzərdə tutulub.
Ekoloji Konqres çərçivəsində yeni iqlim siyasəti, meşə resurslarının idarə olunması, yaşıl enerji, qapalı dövrə iqtisadiyyatı, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, Arktikanın ekoloji problemləri, ekoloji təhsil və turizm məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.
"Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində milli strategiyalar və layihələr: təcrübə mübadiləsi" mövzusunda keçiriləcək dəyirmi masada deputat İltizam Yusifovun çıxışı nəzərdə tutulub.