KOMİTƏ İCLASLARI 16 Sentyabr 2022, 16:07 | Baxış sayı: 334
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 9 məsələ müzakirə olunub

Sentyabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, komitənin sədri Tahir Rzayev əvvəlcə Ermənistanın Azərbaycana qarşı son təxribatından söz açıb. O, döyüşlər zamanı şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

İclasda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Tahir Rzayev iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, gündəliyə 9 məsələ daxil edilib. İlk iki məsələ Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi ilə bağlıdır.

2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə komitə sədri bildirib ki, bu dövrdə komitənin 11 iclası keçirilib və 12 məsələ müzakirə olunub. On məsələnin qanun layihəsi olduğunu deyən komitə sədri sənədlər haqqında fikirlərini söyləyib, xüsusilə ötən sessiyada qəbul olunan “Qida təhlükəsizliyi haqqında” Qanunun əhəmiyyəti barədə danışıb.

Tahir Rzayev qeyd edib ki, komitə üzvləri istər plenar iclaslarda, istərsə də komitəyə təqdim olunan qanunların müzakirəsində, eyni zamanda aqrar sektorun inkişafı və ictimai-siyasi məsələlərə münasibətdə fəallıq göstəriblər. Həmçinin öz seçiciləri, şəhid ailələri və qazilərlə əlaqə saxlayaraq onların problemləri, qayğıları ilə yaxından maraqlanıblar.

Bildirilib ki, hesabat dövründə komitənin ünvanına 69 məktub, təklif, ərizə və şikayət daxil olub və bu müraciətlər araşdırılaraq qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.

Sessiya ərzində Aqrar siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə “Aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi” mövzusunda, Regional məsələlər komitəsi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda birgə dinləmələr keçirib.

Milli Məclisin Aqrar siyasət komitənin iş planı ilə bağlı bildirilib ki, qarşıdakı sessiyada komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi də planlaşdırılıb.

Komitə sədri gündəliyin 3-cü məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, sənəd iki dövlətin ərazilərini zərərli orqanizmlərin daxil olmasından qorumaq, həmçinin tərəflərin dövlətləri arasında məhsul dövriyyəsinin artmasına dəstək olmaq məqsədilə imzalanıb.

Sonra 4-cü məsələ olan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Memorandumun Latviya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı həyata keçirmək və inkişaf etdirmək məqsədi ilə imzalandığı diqqətə çatdırılıb.

Gündəliyin 5-ci məsələsi - “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildiyi üçün müvafiq qanunverici dəyişikliklər təklif edilib. “Torpaq icarəsi haqqında” Qanunun 5-ci maddəsində isə “dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi” ifadəsi daha geniş əhatəyə malik “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan” ifadəsi ilə əvəzlənir.

Gündəliyin 6-cı və 7-ci məsələləri olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri (birinci oxunuş) şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

Gündəliyin son iki məsələsi “Seleksiya nailiyyətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşdadır. Qanun layihələri Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Sənədlər vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsinə və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsinə xidmət edir.

Gündəlikdəki məsələlərin müzakirəsində Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev, komitə üzvləri Eldar İbrahimov, Aydın Hüseynov, Azər Badamov, Emin Hacıyev, Müşfiq Cəfərov çıxış edərək fikirlərini bildirib, rəy və qeydlərini səsləndiriblər. Deputatlar bildiriblər ki, müzakirəyə təqdim olunan qanun layihələri vətəndaşların sənəd və ya arayışların təqdim edilməsi ilə bağlı işlərini asanlaşdırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.

Deputatlar komitənin hesabatını və iş planını məqbul hesab ediblər. Müzakirəyə çıxarılan qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputat Novruzəli Aslanov və digər rəsmi şəxslər də iştirak ediblər.

 

Mənbə: azertag.az 

Xəbərlər