Siyasət 21 İyul 2023, 17:11 | Baxış sayı: 89
“Milli Məclis Rusiya Dövlət Dumasına etiraz məktubu göndərməlidir”

“Rusiyalı deputat Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır, Rusiya Dövlət Dumasına etiraz məktubu göndərilməlidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir: “Amma təəssüf ki, Rusiyanın ermənipərəst siyasətçiləri düşmənçilik və təxribat ruhlu açıqlamalar verməklə ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar. Həm də təəssüfedici məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana qarşı təbliğatın genişlənməsidir. Ölkəmizə olan bu informasiya hücumunun Rusiya XİN-nin Laçın yolu ilə bağlı açıqlamasından sonra vüsət almasını təsadüfi hesab etmirəm. Amma onlar unudurlar ki, Azərbaycan müstəqil ölkədir və heç kimdən asıllığı yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri sisteminin fəal üzvüdür. O cümlədən dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Həm də BMT TŞ-na qeyri-daimi üzvü seçilərək bu təşkilata sədrlik edib. O cümlədən Azərbaycanın Rusiyadan asılılığı yoxdur və 32 ildir ki, öz müstəqilliyini yaşayır və möhkəmləndirir”.

Azər Badamov

Azər Badamov

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət əsasında qurulub: “Azərbaycanın atdığı addımları Ermənistandan fərqli olaraq kimlərinsə diqtəsi ilə deyil, ancaq müstəqil şəkildə atır. Tolstoy, Zatulin, Milonov və digərilərin xoşlarına gəlməsə də, Azərbaycan beynəlxalq münasibətlərini bütün ölkələrlə müstəqil dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin edib. Bu gün ölkədaxili məsələləri də heç kimlə müzakirə aparmadan daxili qanunlara uyğun tənzimləyir. O cümlədən Qarabağda ermənilərin yaşadıqları və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir. Pyotr Tosltoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın icrasına Rusiya da öhdəlik götürüb. Belə ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri icra edib. Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ də icra etmir və Tolstoy və Zatulin kimilər Üçtərəfli Bəyanatın icrasından danışmağın əvəzinə Ermənistana haqq qazandırmağa çalışır”.

Pyotr Tosltoy

Pyotr Tosltoy

Parlamentari söyləyib ki, Ermənistan və Rusiya öz öhdəliklərini icra etməzsə Azərbaycan üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab edə bilər və Ermənistanla sərhədi tamamilə bağlamaq hüququna malikdir: “Amma Azərbaycan hələ də humanistlik nümayiş etdirərək Laçın yolunu humanitar hərəkətlər üçün açıq saxlayaraq Ermənistan və Rusiyadan Üçtərəfli Bəyanatın 4,6 və 9-cu bəndləri icrasını tələb etməklə kifayətlənir. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində dayanmaq fikrində deyil. Necə ki, 30 ildən sonra döyüş meydanında öz ərazisinin bütövlüyü təmin etdiyi kimi, Qarabağda yaşayan ermənilərin məsələləri də ölkə qanunlarına uyğun həll etməklə bu məsələyə nöqtə qoya bilər”.

A.Badamov qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil: “Bu, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik haqqında Bəyannaməsinin ruhuna zidd olmaqla ölkələrimiz arası münasibətlərə kölgə salmağına cəhd hesab edirəm. Pyotr Tolstoyun açıqlamasına görə Rusiya Dövlət Dumasına etirazımızı göndərməli və dövlətlər arası münasibətlərə xələl gətirəcək belə məsələlərdə deputatların məsuliyyətli davranmalı olduqlarını vacib hesab edirəm”.

report.az

Xəbərlər