Cəmiyyət 30 Mart 2022, 16:43 | Baxış sayı: 204
"MİDA-nın mənzil bölgüsü ciddi şübhələr yaradıb".

“Bir neçə saniyə ərzində 400-dən çox mənzilin satışı həyata keçirilə bilməz. Prosedurlar da doğru deyil. Ümumiyyətlə, hərdən müşahidə edirik, tender keçirirlər, başqa dövlətlərdə günlərlə, aylarla davam edən tender bizdə bir neçə saniyədə baş tutur. Əvvəldən məlum olur ki, tenderdə kim qalib elan olunacaq. Belə çıxır ki, Mənzil İnşaatı Dövlət Agentliyində əvvəlcədən siyahı var imiş, tez-bazar həll ediblər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

T.Kərimli qeyd edib ki, qeyd etdikləri sosial şəbəkələrdə yazılanlardan gəldiyi qənaətdir: “Buna şübhə ilə yanaşmaqda haqlıyıq. Biabırçılıqdır, bəsdir, insanları incitdilər... Mənə çox pis təsir edir, insanlarla doğru rəftar etmək lazımdır. Baxın, Afrika ölkələrində razılığa gəlinib ki, məmurların maaşları azaldılsın. Beləliklə, 400 milyon dollar qənaət ediblər. Bizdə isə əksinədir, məmurlar özlərinə hər cür şərait yaradırlar. İnsaları incitmək olmaz, mənzilə ehtiyacı olanlar var. Bu cür proseslər şəffaf həyata keçirilməlidir. Məmurlar deyir ki, xalq bizə niyə şübhə ilə yanaşır... Belə edirik ki, insanlar da narazı qalır, şübhələnir. MİDA-nın mənzil bölgüsü ciddi şübhələr yaradıb. Qaydalar da dəyişməlidir. Kim elektron ərizəni tez doldura bilirsə, düyməni tez basa bilirsə, irəli düşür, mənzil sahibi olur... Bəs daha çox ehtiyacı olanlar nə etsinlər? Sosial ədalət harada oldu? Belə mənzil paylamaq olmaz. Burada əsas prinsip daha çox ehtiyacı olanların müəyyən edilməsidir”.

Rüfət Quliyev isə deyib ki: “Hesab edirəm ki, bu siyahı gizlədilməməlidir. Çünki bu, hərbi sirr deyil ki, gizlədilsin. İzahını versinlər, siyahını media qurumlarına təqdim etsinlər. Onlar rəsmi sənədi təqdim etməlidirlər ki, biz bilək ki, evlər kimlərə satılıb. Ondan sonra bu məsələ ilə bağlı düzgün fikir söyləmək olar”.

Xəbərlər