"“Media haqqında" qanun jurnalistikanın şəffaf işləməsi və inkişafı üçün mükəmməl sənəddir".
““Media haqqında” qanunun qəbul edilməzdən əvvəl layihə müzakirəyə çıxarılmışdı, KİV-də bu mövzu ətrafında diskussiyalar aparılmışdı. Peşəkar jurnalistlər, nüfuzlu media qurumlarının rəhbərləri qanunla bağlı fikir və mülahizələrini bildirmişdilər. Əlbəttə, Milli Məclisdə qanun qəbul edilərkən söylənilən bütün dəyərli təklif və fikirlər nəzər alındı. Sonda da hərtərfli ciddi olan bir qanun qəbul edildi”.
Milli Məclisin deputatı Kamilə Əliyeva Pravda.az-a açıqlamasında belə deyib.
Deputat bildirib ki, “Media haqqında” qanun peşəkar jurnalistika ilə məşğul olan media qurumlarının işinə böyük dayaq rolunu oynayır: “Bu qanun reket jurnalistikası ilə məşğul olan bəzilərinin fəaliyyətinə son qoyacaq. Bu istiqamətdə artıq müvafiq işlər də görülür. “Media haqqında” qanun onlayn media qurumlarının operativ, qərəzsiz şəkildə işləməsi üçün müəyyən məsuliyyət nəzərdə tutur. Bu gün internet üzərindən fəaliyyət göstərən bəzi xəbər saytları xəbərlər, müsahibələr hazırlamaq əvəzinə, asan yol taparaq digər işgüzar saytların dərc etdiyi xəbərləri tirajlayırlar. Qanun Azərbaycan mediasının gələcəyinin inkişaf etdirilməsi baxımından məqsədyönlü sayılır. Əlbəttə, qanun istənilən xəbərin digər saytlarda da yayılmasına icazə verir, lakin hər bir saytın öz məhsulu da olmalıdır. Bu qanunun tələbidir. “Media haqqında” qanun eyni zamanda media qurumlarının, eləcə də jurnalistlərin hüquqlarını qoruyur. Xəbər saytlarında vəzifəli şəxslərin, deputatların verdiyi müsahibələr onların dedikləri kimi verilirsə, bu halda redaksiya heç bir məsuliyyət daşımır. Əslində deyilən fikrin olduğu kimi verilməsi qərəzsizliyin nümunəsi sayılır. Bu qanun jurnalistikanın şəffaf işləməsi və inkişaf etməsi üçün mükəmməl sənəddir”.