İnfoqrafika, Cəmiyyət 31 Yanvar 2022, 12:40 | Baxış sayı: 472
"Meclis.info" Parlamentin Monitorinq Platforması “Parlamentin fəaliyyətində iştirakçılıq” ictimai müzakirə tədbirini keçirib.

"Meclis.info" Parlamentin Monitorinq Platforması yanvarın 29-da “Parlamentin fəaliyyətində iştirakçılıq” ictimai müzakirə tədbirini keçirib.

Yaz sessiyasının 14 iclasının data təhlili haqqında məlumat verən Elgiz Qəhraman bildirib ki, payız sessiyasının iclaslarındakı müzakirələrə çatımlılığın olmadığına görə yalnız ötən ilin yaz sessiyasının təhlili aparılıb.

Onun sözlərinə görə, 2020-ci ildə keçirilən seçkilərdən sonra 4 məntəqənin nəticələri ləğv edilib. Nəticədə 121 deputat Milli Məclisə seçilib. Lakin Fəttah Heydərovun ölümündən və Eldəniz Səlimovun həbsindən sonra hazırda Milli Məclisdə 119 deputat var. Bu deputatlardan 97-si kişi, 22-i isə qadındır.

Qeyd olunub ki, Milli Məclisin deputatlarının yaş ortalaması 55-dir. Milli Məclisdəki kişi deputatların yaş ortalaması 56, qadın deputatların yaş ortalaması isə 50-dir.

Data təhlil əsasında yaz sessiyasının plenar iclaslarında ortalama iştirakçı deputat sayının 111, ümumi çıxışların sayının 664 olduğu açıqlanıb. “Bu 664 çıxışdan 548-i kişi deputatlara, 116-sı qadın deputatlara aiddir. 25 deputat isə ümumiyyətlə danışmayıb. Onlardan 15-i YAP üzvü, 9-u bitərəf,1-i isə VBP (Vətəndaş Birliyi Partiyası) üzvüdür.”

Təhlil nəticələrinə görə Milli Məclisin 2021-ci il yaz sessiyasında 68 qanun layihəsi qəbul edilib. Bu qanun layihələrinin qəbulu ortalama olaraq 38 dəqiqə vaxt ərzində həyata keçirilib.

Tədbirin moderatoru hüquqşünas Səma Bayramova parlamentdə vətəndaşların iştirakçılığı, parlamentin işinin ictimaiyyətə açıqlığı, məlumatlara çatımlılıqla bağlı problemləri qeyd edərək bütün qanunların, qərarların layihələri və digər sənədlər, habelə prosedurun gedişində onlara edilən dəyişikliklər və əlaqədar digər rəsmi materiallar parlament sisteminə daxil olduqdan dərhal sonra parlamentin rəsmi internet səhifəsində yerləşdirilmədiyini bildirib.  Qeyd olunan məsələ ilə bağlı deputat Elman Nəsirov bildirib ki, Milli Məclisə təqdim olunan qanun layihələri müvafiq komitələr tərəfindən müzakirə edilir və müzakirə zamanı mətbuat nümayəndələri zalda iştirak edir.

Deputat qeyd edib ki, "Media haqqında" qanunun müzakirəsi  bir aydan çox çəkib. Bu mövzuda mətbuat nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr, komitə iclasları keçirilib.

Onun sözlərinə görə, deputatlar fikirlərini ictimaiyyətə mətbuat vasitəsilə çatdırır.

Hüquqşünas Səməd Rəhimli isə bildirib ki, Azərbaycan parlamentində dinamiklik yoxdur. “Bir çox məsələlərdən plenar iclaslarda xəbərdar oluruq. Nəyə görə komitə iclaslarının açıq olan hissəsini davamlı olaraq efirə vermək mümkün deyil?”

O, daha sonra bildirib ki, «İctimai iştirakçılıq haqqında» Qanuna istinad olaraq Milli Məclisin daxili nizamnaməsində komitələrdə gözlənilən müzakirələr haqqında ictimai iştirakçılıq üçün 3-5 gün əvvəldən xəbərdarlıq edilməsi göstərilib.

Ekspert təkmil qanunların qəbul edilməsi və maraq qrupları üçün prosessual ədalətin təmin olunması məqsədilə başqa ölkələrin təcrübəsinə müraciət edilməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, «Media haqqında» Qanun Milli Məclisdə müzakirə edilməzdən əvvəl ictimaiyyətə təqdim edilməli idi, qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasına göndərilməli idi.

Deputat Elman Nəsirov isə parlament üzvlərinin çox açıq olduğunu deyib. « Vətəndaşlar üçün ən əlçatımlı deputatlardır».

O, bütövlükdə parlamentin öz üzərinə götürdüyü işi ləyaqətlə yerinə yetirdiyini vurğulayıb. «Parlament iclaslarında 30 dəqiqə, bir saat seçicilərimizi narahat edən, ölkədaxili, beynəlxalq məsələlərlə bağlı açıq müzakirələr gedir. Əsas tənqidlər onda səslənir».

O, qeyd edib ki, deputat mövcud olan problemi qaldırıb axıra kimi onun həllinə çalışmalıdır.

Hüquqşünas Səməd Rəhimli bildirib ki, deputat müəyyən problemləri aradan qaldırmaq üçün müvafiq qanunlarda necə dəyişiklik edilməsi barədə düşünməlidir. «Vətəndaşların gözləntisi deputatların onlarla  müəyyən orqanlar arasında körpü rolunu oynaması, şikayətlərini, problemlərini müəyyən orqanlara çatdırmasıdır».

Tədbirdə vətəndaş cəmiyyətinin nümayəndələri, ictimal fəallar və jurnalistlərin sualları ilə davam edib.

Xəbərlər