Siyasət 21 Fevral 2023, 12:23 | Baxış sayı: 117
“Makrona deyilməlidir ki, burnunu hər yerə soxma, işğalçılıq siyasəti ilə məşğul olma!”

“Regionda yenidən gərginliyin yaranması ehtimalı var.  Söhbət bu məsələyə Fransa xalqının yox, Nikol Paşinyandan betər ermənilik edən Emmanuel Makronun münasibətindən gedir. Makronun hərəkətləri, işlətdiyi ifadələr, verdiyi bəyənatlar bölgədə Azərbaycan və Ermənistan arasında münasibətlərin düzəlməsinə deyil, gərginliyin artmasına, düşmənçiliyin dərinləşməsinə və müharibə vəziyyətinin yenidən yaranmasına yönəlib. Hesab edirəm, Avropa İttifaqı Makron kimi bir ünsürün yedəyində getməməlidir. Ona “dur!” deyilməlidir. Əgər Avropa İttifaqı və onun müvafiq qurumları bölgədə sülh yaranması arzusu, istəyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüşlər, tədbirlər keçirirlərsə, onda Makrona “dur!” deməli, ona yerini göstərməlidirlər. Makrona birmənalı deyilməlidir ki, “Fransadakı problemlərin həlli ilə məşğul ol, burnunu hər yerə soxma, müstəmləkəçilik, işğalçılıq siyasəti ilə məşğul olma”. Təəssüf ki, hələ Avropa İttifaqından bunu görmürük…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev Münxen konfransında Azərbaycanın haqlı və ədalətli mövqeyini yenidən səsləndirib: “Cənab Prezidentimiz dedi ki, biz bölgədə sülhün tərəfdarıyıq, artıq müharibə səhifəsi qatlanıb, arxa planda qalıb, müharibə mövzusundan uzaqlaşmalıyıq, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa olunması müharibəsi apardıq, ərazi bütövlüyümüzü təmin etdik, bu gün artıq bütün qonşularımızla, o cümlədən Ermənistanla sülh şəraitində yaşamaq istəyirik və təkliflərimizi də vermişik. Verdiyimiz təkliflər də beynəlxalq hüququn, BMT-nin Nizamnaməsinin bütün müddəalarına uyğundur. Bunu qarşı tərəfdən də gözləyirik. Vasitəçilər də özlərini elə aparmalıdırlar ki, hərəkətləri, münasibətləri sülhə xidmət etmiş olsun. Makron kimisini ortaya salmaq lazım deyildi. Onun bütün danışıqları, bəyənatları, hərəkətləri yalnız gərginliyin artmasına səbəb olur. Bu, cənab Prezident açıq mövqeyidir”.

Xəbərlər