İqtisadiyyat 22 Avqust 2023, 15:56 | Baxış sayı: 77
"Macar iş adamları Qarabağda bu sahələrə yatırım etməkdə maraqlıdır"

Prezident İlham Əliyev ötən həftə Budapeştə işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşdü. Görüşdə azad edilmiş ərazilərin yenidən qurulmasında Macarıstan şirkətlərinin fəaliyyətə başlaması yüksək qiymətləndirildi. 

Deputat, Azərbaycan – Macarıstan parlamentlərarası işçi qrupunun üzvü Naqif Həmzəyev açıqlamasında deyib ki, Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərdə bəzi sahələrin inkişafına yatırımlar edə bilər: 

“Macarıstan günü-gündən inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. Bu ölkədə aqrar sahədə, kənd təsərrüfatı və əczaçılıq sahəsində böyük irəliləyişlər var. Macar şirkətləri bu sektorların inkişafında maraqlıdır. Yaxın gələcəkdə sözügedən sahələr üzrə işğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin aktiv iştirakı üçün imkanlar var”. 

Deputat qeyd edib ki, bununla yanaşı, enerji sahəsində əməkdaşlıq da hər iki ölkə üçün əhəmiyyət kəsb edir:

“Azərbaycanın enerji resurslarının Macarıstana çatdırılmasında hər iki tərəf maraqlıdır. Xüsusilə, alternativ enerji resurslarının Qara dəniz vasitəsilə Avropaya çatdırılması reallaşdırılacaq. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə alternativ enerji resurlarının işlənməsi macar şirkətləri tərəfindən də həyata keçirilə bilər”. 

N.Həmzəyev onu da bildirib ki, macar investorlar yenidənqurma işlərində müasir konsepsiyaların tətbiqində də iştirak edir:

“Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Macarıstan şirkətləri məhz bu layihələrin hansısa seqmentlərində maraqlı tərəf kimi çıxış etməkdədir. Ümid edirik ki, fermer təsərrüfatlarının müasir elmi – texniki tərəqqinin nailiyyətlərinə əsaslanan formada inkişafına, daha sağlam ekoloji qida məhsullarının istehsal edilməsinə macarıstanlı investorlar töhfə verəcək”.

demokrat.az

Xəbərlər