Cəmiyyət 6 May 2022, 15:04 | Baxış sayı: 63
"Maaşların artırılması rüşvət, şirinlik məsələsinin aradan qalxmasına zəmin yaradacaq".

Həkimlərin, tibb işçilərinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlər haqqında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a danışıb.

Komitə sədri bildirib ki, icbari tibbi sığorta ölkəmizdə oturuşduqca istər tibbi xidmətin keyfiyyəti, istərsə də vətəndaşların tibbi xidmətə əlçatanlığı yaxşılaşacaq.

M.Quliyevin sözlərinə görə, tibb sahəsində olan bəzi neqativ hallar aradan qalxacaq:

“Tibb işçilərinin də əməyinin stimullaşdırılması üçün atılan addımlar imkan verəcək ki, onlar bilik və bacarıqlarını artıraraq sağlam rəqabət aparıb, öz layiqli əməyinin haqqını, qiymətini alsınlar. Düzdür, icbari tibbi sığorta fəaliyyətə başlayan zaman koronavirus pandemiyası ilə üst-üstə düşdü. İlyarım ərzində tibb işçilərimiz ağır stres altında işlədilər. Koronavirus pandemiyası sona yetməkdədir. İcbari tibbi sığorta da ölkə ərazisində tam tətbiq olunur və getdikcə də xidmət paketləri artır, xidmət haqlarının da məbləği artır.

Həkimlərin də əməkhaqları vahid cədvəl üzrə və gördükləri işə görə bonuslarla artırılır. Bunlar stimul verəcək ki, həkimlərimiz daha keyfiyyətlə işləsinlər. Əməkhaqlarının artırılması ilə yanaşı, onların bilik və bacarıqlarının artırılması üçün də lazımi tədbirlər görülməlidir. Onların sertifikasiya imtahanlarından öncə mütləq kurslar təşkil olunmalıdır. Həm ölkə daxilində, həm də ölkə xaricindəki konfranslara dəvət olunmalıdırlar. Azərbaycan səhiyyəsinin yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür potensialı var, maddi-texniki bazamız var, kadr potensialı kifayət qədərdir. İcbari tibbi sığortanın büdcəsi getdikcə daha da zənginləşir. Düşünürəm ki, yaxın gələcəkdə çox güclü səhiyyəmiz olacaq”.

Komitə sədri bildirib ki, dövlət sektorunda çalışan tibb işçilərinə güzəştli şərtlərlə ipoteka ilə evlərin verilməsi məsələsinə baxılır:

“Düşünürəm ki, dövlət sektorunda deyil, həm də özəl sektorda çalışan tibb işçilərinə bu imkanlar yaradılmalıdır. Bu da onların həm əməyinə göstərilən diqqətdir, həm də sosial yüklərinin azalmasına gətirib çıxaracaq. Bütövlükdə tibb işçilərinin əməkhaqqının artırılmasını müsbət addım kimi qiymətləndirirəm və hesab edirəm ki, bu, dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısının növbəti ifadəsidir”.

Parlamentarinin fikrincə, maaşların artırılması illərdir Azərbaycanda həkimlərlə bağlı olan neqativ halların - rüşvət, şirinlik məsələsinin aradan qalxmasına zəmin yaradacaq:

“Ancaq bu, məsələnin tam həllinin tapılması demək deyil. Sovet dönəmində də, sonrakı müstəqillik illərində də çox qazanan həkimlərin hamısı çox da rüşvət alırdı. Kompleks mexanizmlər işlənilməlidir. İcbari tibbi sığortanın üstünlüyündən biri də odur ki, insanlar əməklərinə görə bonuslar alacaqlar. O pul rüşvət şəklində deyil, xidmətə göstərilən əlavə ödəniş olacaq.

İctimai nəzarət də güclü olmalıdır. Bizim vətəndaşların da psixologiyasında dəyişiklik aparılmalıdır ki, ödənişi əvvəlcədən əmək haqqınızdan sığorta şəklində ödəmisiniz, təzədən ikinci dəfə ödəniş etməyin mənası yoxdur. Korrupsiya əməlləri qeyri-qanuni xidmətlərdən ötrü görülürdü, saxta bülleten verilirdi, saxta əlillik düzəldilirdi və ya hansısa diaqnoz şişirdilirdi. Bu neqativ hallar da gün keçdikcə aradan qalxır, elektron hökumət çərçivəsində nəzarət mexanizmləri artır. Sağlam münasibətləri qurmağa doğru getməliyik”.

Xəbərlər