"Livan Azərbaycan səfirliyinə qarşı hücumla əlaqədar cinayətkarların həbs edilməsi məqsədilə bütün tədbirləri görməlidir"
"Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslərin səfirliyin inzibati binasına içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri atması, işıqlandırma avadanlıqlarını məhv etməsi, bina ətrafındakı hasarı uçurmağa çalışması 1946-cı il BMT, 1961 və 1963-cü illər Vyana, habelə 1973-cü il "Diplomatların müdafiəsi haqqında" Konvensiyalara, yəni bütövlükdə beynəlxalq hüquqa zidd olan, yolverilməz addımdır".
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, adıçəkilən sənədlər müvafiq olaraq beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsi, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə, hər hansı müdaxilə və hücumu yolverilməz hesab edir: "Beynəlxalq müqavilələrdə təsbit olunan bu immunitet və imtiyazlara, o cümlədən təhlükəsizliyə isə diplomatik missiyanın ərazisində yerləşdiyi dövlət, indiki halda Livan təminat verməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, hadisə barədə aidiyyəti cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlib, lakin təxribatçılar ərazidən tez uzaqlaşdığı üçün onları yaxalamaq mümkün olmayıb. Lakin bu, Livan tərəfin məsuliyyətini istisna etmir və 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində açıq mətnlə qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir". Yəni indiki halda Livan bu ölkədəki Azərbaycan səfirliyinə qarşı hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə bütün tədbirləri görməlidir. Əks halda cəzasızlıq mühiti bu, terrora milli maraqların təmini üsulu kimi baxan erməniləri eyni tipli növbəti cinayətlərə təşviq edəcək. Bu isə yalnız Azərbaycan yox, başda Türkiyə olmaqla, İrəvanın milli düşmən hesab etdiyi bütün türkdilli ölkələr, o cümlədən "məzlum ermənilərin" etimadını doğrultmayan bütün ölkələrin diplomatları və diplomatik missiyalarının təhlükəsiz şəraitdə fəaliyyəti üçün təhdiddir. Bu mənada Livan hökuməti cinayətkarların yaxalanaraq ədalətli formada cəzalandırılması və Azərbaycan tərəfinin də davamlı olaraq proseslərin gedişi ilə bağlı məlumatlandırılmasına beynəlxalq öhdəlik kimi yanaşmalıdır".
pravda.az