Siyasət 28 İyun 2023, 22:37 | Baxış sayı: 181
“Əli Kərimlinin görüb-görəcəyi, “qalib gələcəyi” yeganə platforma elə öz qurultayları olacaq”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayında Əli Kərimlinin alternativ olmadan sədr seçilməsinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, sözügedən təsisat əslində partiya yox, artıq mövcudiyyətinə lüzum qalmamış, vaxtı keçmiş hərəkatdır.

 

“Ola bilsin ki, 1980-ci illərin sonunda yaranarkən  bu təsisata müəyyən formada ehtiyac olub. Sözün açığı, bunun özü də mübahisəli mövzudur, lakin 1993-cü ilin iyunundan sonrakı periodda həmin təsisatın və həmin adamların eyni məzmunda siyasi mövcudluğu Don Kixotluqdan başqa bir şey deyil. O dövrlər başqa alternativ təşkilatlanma olmadığı üçün həmin komandada olmuş və sonradan inkişaf edən, reallığı anlayaraq, bu dərnəkdən ayrılıb özünə mütərəqqi siyasi yol cızan yetərincə ziyalımız var. Bu gün onların ictimai-siyasi həyata müsbət mənada qatqısı göstərir ki, AXCP-də olmaq dalanda ilişib qalmaq deməkdir”, - deputat bildirib.

 

B.Məhərrəmov əlavə edib: “Aydındır ki, siyasi partiyanın bir qayda olaraq məqsədi hakimiyyətə gələrək  əvvəlki iqtidarın nail ola bilmədiyi inkişaf səviyyəsinə çatmaqdır. Belə olan halda, ortaya bir sual çıxır: bu gün AXCP kiminlə və nə uğrunda mübarizə aparır? Onların parçaladığı, məhv etdiyi dövlətçiliyi, idarəçilik ənənələrini bugünkü iqtidar ayaqda saxlayaraq, bərpa edərək Azərbaycanı qalib beynəlxalq gücə çevirib. Onların xəyanətkarcasına satdığı torpaqları bugünkü iqtidar işğaldan azad edib, dirçəldir. Onların səbatsız və xəyanətkar idarəetməsi ucbatından didərgin düşən 1 milyona yaxın vətəndaşımızı bugünkü iqtidar doğma yurduna ləyaqətli və təhlükəsiz formada qaytarmaqdadır. Onların ayrı-ayrı qruplaşmalara böldüyü ordu hissələrini bugünkü iqtidar nizami güclü Silahlı Qüvvələrə çevirib. Onların taladıqları ləl-cəvahirat fondunu bugünkü iqtidar zəngin büdcəyə çevirib. Onların yerlə-yeksan etdikləri infrastrukturları bugünkü iqtidar ən müasir formada qurub. Bunlar idarəçilikdə olmuş, özlərini doğrultmamış, 1 illik rəsmi iqtidarları boyu aradan qaldırılması yalnız 30 ilə mümkün olan ciddi fəsadlara yol açmış bir siyasi qruplaşma olaraq Azərbaycan xalqına nə vəd edə bilərlər? Hər bir cəmiyyətdə sosial problemlər var. Bu gün həmin sosial problemlər hesabına siyasi gündəmdə qalan bir qruplaşmanın, təbii ki, ölkənin siyasi sisteminə hər hansı qatqısı mümkün deyil. Qanunla siyasi partiyalar könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında təsis edilir və fəaliyyət göstərirlər. Bunların, ümumiyyətlə, həmin prinsiplərdən xəbərləri varmı? Məsələn, aydındır ki, uğurlu bir lider daxili normativ baza ilə maneə yoxdursa, istənilən müddətdə partiya rəhbəri olaraq qala bilər. Amma heç özünün mənsub olduğu partiyasının birliyini təmin edə bilməyən Kərimli uğurlu liderdimi? Adam 23 ildir, “sədr” kreslosunu zəbt edib. Və 23 ildir, məğlubiyyətə məhkumdur. Yaxşı, bu halda onun tək namizəd olaraq “qurultayda” yenidən sədr seçilməsi “partiyanın” könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq kimi prinsiplərini sual altına almırmı? Yaxud haradadır bunların fəaliyyətində aşkarlıq, kimsə bunların maliyyə hesabatını görübmü? Təşkilati struktur məsələləri, maliyyə hesabatlığı ilə bağlı, zaman-zaman mediaya sızan səs yazılarında biz onlarda sistemin necə işlədiyini görürük. Bu mənada, özünü “Azərbaycan Xalq Cəbhəsi Partiyası” adlandıran qruplaşmanın “böyük hadisə” kimi sırımağa çalışdığı bu qurultayı cəmiyyət üçün önəm daşımır və hansısa özfəaliyyət barədə geniş danışmağa lüzum yoxdur. Bu qurultay oyunları ilə özlərini ovudurlarsa, ovutsunlar. Lakin bilsinlər ki, Kərimlinin görüb-görəcəyi, “qalib gələcəyi” yeganə platforma elə öz qurultayları olacaq".

Xəbərlər