Cəmiyyət 28 Mart 2022, 14:23 | Baxış sayı: 85
"Əli Kərimli Fərrux kəndi ilə bağlı məsələdə Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi davranır".

“Özünü müxalifətin əsas siması kimi təqdim etməyə çalışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Fərrux kəndi ilə bağlı məsələdə Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi davranır. Bu, heç kəsi təəccübləndirmir. O, tapşırıqları sanki Rusiyadan alırmış kimi mövqe bildirir. Bu, əlbəttə ki, “5-ci kolon”a xidmət adlandırıla bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Rusiya Müdafiə Nazirliyinin anti-Azərbaycan mövqeyi cümləbəcümlə Əli Kərimli tərəfindən təkrar edilib: “O, Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndindən geri çəkildiyi ilə bağlı yalan məlumatı sanki sevinirmiş kimi qeyd etmişdi. Guya Azərbaycan Müdafiə Nazirliyi yanlış mövqe ortaya qoyub. Buna başqa nə ad vermək olar?! Aydındır ki, Azərbaycan dövləti və xalqı üçün yaxşı olan nə varsa, Əli Kərimli və komandası üçün pisdir. Ermənistan və ermənipərəst siyasi dairələr, erməni lobbisi və diasporu Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri ilə bağlı nə qədər kədərləniblərsə, Əli Kərimli və onun kimilər də bu qələbədən bir o qədər kədərlənib və qəmləniblər”.

E.Nəsirov, həmçinin, qeyd edib ki, Fərrux kəndinin Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçməsini, hətta tarixi zəfər də adlandırmaq olar, çünki strateji baxımdan ciddi əhəmiyyətə malikdir: "Nəzərə almaq lazımdır ki, Fərrux və oradakı yüksəklik Azərbaycan Ordusunun nəzarətində olmadığı halda, faktiki olaraq, Ağdamda müəyyən layihələri reallaşdırmaq, iş görmək mümkün deyildi. Ona görə də Fərrux kəndinin tam nəzarətə götürülməsi tarixi uğurdur. Qeyd etmək lazımdır ki, bu hadisəyə Rusiyanın Müdafiə Nazirliyinin münasibəti təəccüb və təəssüf doğurur. Onların Azərbaycan silahlı qüvvələrinin Fərrux kəndini tərk etməsi barədə yazmaları, eləcə də “Dağlıq Qarabağ” ifadəsini işlətmələri tamamilə qəbuledilməzdir. Fikrimcə, bu, fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik münasibətlərinin ruhuna daban-dabana ziddir. Sanki Rusiyanin ali siyasi rəhbəri ayrı mövqe ortaya qoyur, onun tabeliyində olan Rusiya Müdafiə Nazirliyi isə ayrı mövqe sərgiləyir. Bu, nə deməkdir?! Belə çıxır ki, Rusiyanın ali siyasi rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında koordinasiya itib?!”

Xəbərlər