“Əli Kərimli feministlərin ABŞ səfirliyindən qovulmasını şərab içərək keyflə izləyirdi”
"Bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı səfirliyində bu dövlətin müstəqilliyinin ildönümü ilə bağlı tədbir keçirilirdi. Bu tədbirə çoxlu sayda qonaqlar da dəvət edilmişdi. Bu qonaqlar sırasında iqtidar və müxalifət nümayəndələri də iştirak edirdi".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, burada diqqəti cəlb edən əsas məqam feministlərin də bu tədbirə dəvət almaları və onların davranışı ilə bağlı məsələdir.
"Təbii ki, yenə də onlar öz köhnə ampulasında idilər. Əxlaqdan və mənəviyyatdan uzaq olan geyim tərzi ilə yalanla dolu fikirlər səsləndirirdilər.
Güya Azərbaycanda insan hüquq və azadlıqlarının olmaması, polis zorakılığı kimi məsələləri qabardırdılar. Belə fikirlər səsləndirmək üçün birincisi gərək özünün mənəvi haqqın olsun. Azərbaycanda insan haqlarından danışırsan, harada görmüsən ki, bizim mentalitetimizdə bu cür geyimlər geyib, ağzına gələni danışsınlar?!
Bizim hansı mənəvi, əxlaqi keyfiyyətlərimizə uyğun bir tərzdə geyinib fikirlər səsləndirirsiniz?
İnsanın geyimiylə qarşılayıb, ağılı ilə yola salırlar. Elə geyimlərinə baxanda bunların hansı əqidənin, mənəviyyatın daşıyıcısı olduğu fikirinə gəlmək elə də çətin deyil. Söylədikləri də yalandır. Azərbaycan polisi elə feministlərin də asayişinin, təhlükəsizliyin qorunmasını həyata keçirir. Çünki onlar da Azərbaycan vətəndaşıdır. Ölkəmizdəki əmin-amanlığın təminatında polisin də rolu kifayət qədər böyükdür. Düzdür, bu sabitliyin kökündə dayanan fundamental səbəb xalq ilə hakimiyyət arasında olan birlikdir. Cənab Prezident öz xalqının mənafeyindən irəli gələn müstəqil siyasəti həyata keçirir. Amma eyni zamanda onun da fərqindəyik ki, bu sabitliyi gözü götürməyən xarici və daxili qüvvələr var. Polisimiz bu nöqteyi-nəzərdən öz vəzifəsini ləyaqətlə icra edir və gərək bunu hər zaman söyləyək".
Elman Nəsirov qeyd edib ki, diqqəti cəlb edən digər məqam isə polis zorakılığından danışan feministlərin ABŞ-ın Azərbaycandakı səfirliyindən necə çıxarıldıqlarına radikal müxalifətin göz yummasıdır:
“Maraqlıdır ki, bu hadisə nədənsə həmin vaxtı səfirlikdə olan radikal müxalifətin heç bir nümayəndəsinin diqqətini cəlb etmədi. Niyə Əli Kərimli susdu? Əli Kərimli əlində şərab qədəhi ilə prosesləri keyflə izlədi və səsi gəlmədi. Bəs niyə feminist qadınların səfirlikdən o şəkildə qovulmasına heç etiraz bir münasibət bildirmədi? Bununla bağlı özünün "Facebook" səhifəsində bir kəlmə belə yazmadı. Özünü insan hüquq və azadlıqlarının himayədarı kimi təqdim etmək istəyir, amma gözünün qarşısında feminist qadınların qovulmasına susur. Həm də şərab içə-içə susur. İstehzalı təbəssümlə bu prosesi izləyir və heç bir etirazını bildirmir.
Etiraz edə də bilməzdi. Bunu necə eləsin ki?! Əks təqdirdə ona himayədarlıq edənlərin yardımından kənarda qala bilər. Bir çox insan hüquqlarının keşiyində güya ki, dayandığını bəyan edən qurumlar elə Əli Kərimli və onun kimilərə dəstək verib, maddi yardım göstərirlər. Bu halda "əl əli yuyar, əldə qayıdıb üzü yuyar" prinsipi işə düşür. Reallıq budur və xalqımız bunların hamısını görür. Ona görə də indi radikal müxalifət və onun rəhbərlərinə xalqın etimadı sıfır səviyyəsindədir".
Mənbə:demokrat.az