"Əli Kərimli 10 il parlamentdə xurma yeyib"
“Heydər Əliyev Azərbaycan Xalq Hərəkatını tam himayə edirdi. Heydər Əliyevin müstəqillik istəyi olmasaydı, burada çoxları müstəqilliyə də səs verməzdi”.
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli parlamentdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.
O, çıxışı zamanı bəzi müxalifət funksionerlərini tənqid edib.
“Bizim xilaskar olaraq qəbul etdiyimiz Əbülfəz Elçibəy bizə deyirdi ki, Surət Hüseynov gətirib sizi dar ağacından asacaq. Burada mitinqlər, orada çıxışlar, piketlər edirdik, bəs Heydər Əliyevin ürəyinin tutmasında mənim günahım yoxdur? Onun ömrünün qısalmasında bizim günahımız yoxdur? Dövləti xilas etmək istəyən, dövləti qurmaq istəyən insana qarşı çətinliklər yaratdıq, əziyyətlər verdik. Gültəkin Hacıbəyli, Cəmil Həsənli, əgər siz burada deputat olsaydınız, yenə radikal müxalifət olardınız? Buna inanmıram. Əli Kərimli, hətta bizi də ittiham edirsiniz ki, hakimiyyət bizi öyrədib, icazə verir korrupsiyadan, problemlərdən danışmağa. Siz burada 10 il oturanda sizə də öyrədirdilər? Sizin dediyiniz kimi, bu hakimiyyət anti-demokratik idisə, siz burada necə təmsil olunurdunuz? Yox demokratikdirsə, istədiyiniz nədir? 1988-ci ildə Xalq Hərəkatı Qarabağ şüarı ilə gəldi. Nə istəyirsiniz Qarabağı aldı, verdi də. Əli Kərimli, sən prezident olsaydın, bunu edə bilərdik? Biz Laçın dəhlizində dura bilərdik? Gərək, dilimizdə etiraf olsun. Əli Kərimli və digərləri 10 il bu parlamentdə xurma yemisiniz. Sizin üçün biznes şəraitləri yaradılırdı. Mən bu gün vicdan əzabı çəkirəm ki, dövlətimizi quran şəxsə qarşı belə aqressiv olmuşam. Gəlin, bu aqressiyadan əl çəkək, bir olaq, iqtidarlı-müxalifətli bir-birimizi sevək”,-deyə deputat çıxışında diqqətçəkən fikirlər səsləndirib.