Plenar iclaslar 24 Fevral 2023, 15:11 | Baxış sayı: 107
“Laçın yolundakı aksiya o vaxt dayandırılacaq ki...”

“Nə Vardanyan tək deyil, nə də Araik. 30 ildən çoxdur, seperatçı qurum ərazimizdə kök salıb və bu qurumun orda “vəzifəliləri” – terrorçular, cinayətkarlar var. Növbəti addım ərazimizi bu ünsürlərdən tamamilə təmizləmək olmalıdır/ Dinc aksiyaçılarımız sağ olsunlar, çox dəyərli iş gördülər, nəticəsi göz qabağındadır. Cənab Prezidentimiz Münxen Təhlükəsizlik Konfransında fikrini bildirdi, rəsmi qaydada bunu görüşlərdə də demişdi: Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmamalıdır. Laçın yolu müstəqil Azərbaycan dövlətinin ərazisidir. Bu yolun sonunda Azərbaycan-Ermənistan arasında hazırda mövcud olan şərti sərhədlərdə Azərbaycanın sərhəd-keçid məntəqəsi, gömrük postu qurulmalıdır, Daxili İşlər Nazirliyinin müvafiq qurumları o yolda hərəkətin təhlükəsizliyini tənzimləməlidirlər. Bu, gecikdirilməməlidir. Gecdir, dünən, bu gün olmalı idi. Bunu kimdənsə soruşmamalıyıq, suveren, müstəqil dövlətik. Ərazimizə kim gəlir-gedir, sərhəddən keçməlidir. Mütləq sərhəd-buraxılış məntəqəsi olmalıdır. Kimsə kefi istəyəndə gəlsin, kefi istəyəndə getsin, istədiyini aparıb-gətirsin... Bura nə Ermənistan, nə Rusiya, nə də Fransanın ərazisi deyil. Azərbaycan dövlətinin ərazisindən keçən yoldur. Bu yolda tam nəzarət Azərbaycana məxsusdur və olmalıdır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, ləngimədən seperatçıların kökü kəsilməlidir: “Nə qədər ki, bizim ərazilərimizdə 1991-ci il sentyabrın 2-də yaratdıqları tanınmamış cinayətkar “Artsax dövləti” deyilən qurum mövcuddur, seperatçılar tabeçilik göstərməyəcəklər. Bütün təxribatlara, vasitələrə əl atacaqlar. Riyakar beynəlxalq qurumlar da onları müdafiə edəcəklər. Ona görə də suveren hüquqlarımızdan, qanunlarımızdan istifadə edib, ərazimizi seperatçılardan, işğalçılardan təmizləməliyik, vəssalam. Laçın yolundakı aksiya o vaxt dayandırılacaq ki, sadaladığım və cənab Prezidentimizin səsləndirdiyi fikirlər həyata keçirilsin. Yalnız bundan sonra aksiyaçılarımıza ehtiyac olmayacaq. Çünki artıq gəliş-gedişə qurumlarımız nəzarət edəcək. Bunlar yoxdursa, aksiyaçılarımız öz işlərini davam etdirəcəklər”.

Xəbərlər