Siyasət 1 May 2023, 14:11 | Baxış sayı: 181
"Laçın-Xankəndi yolunda ekofəalların dinc etiraz aksiyası hədəfə tam olaraq çatmayıb"

"Bildiyiniz kimi, Laçın-Xankəndi yolunda ekofəalların dinc etiraz aksiyaları işğal dövründə başlanan və Azərbaycanın zəfərindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında davam edən Azərbaycanın təbii sərvətlərinin talanması, ekosid cinayətlərinə etiraz olaraq keçirilirdi. Vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan Konstitusiyasının 39-cu maddəsinin II hissəsində ehtiva olunan hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququnu rəhbər tutaraq, habelə Konstitusiyanın 14-cü maddəsi ilə Azərbaycan Respublikasına mənsub olan təbii sərvətlərin talanmasının qarşısını almaq məqsədilə yola de-fakto nəzarəti ələ almışdılar".


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.


"Lakin bunu da bilirsiniz ki, 138 gün davam edən aksiya müddətində yol humanitar məqsədlərlə açıq olub, qeyri-hərbi məqsədli daşımalar sərbəst həyata keçirilib. Azərbaycan dövləti, şəxsən cənab İlham Əliyev dəfələrlə ekoaktivistlərin qətiyyətini yüksək qiymətləndirib, aidiyyəti orqanlar isə onların konstitusion hüquqlarını həyata keçirmələrinə hər bir şərait yaradıb. Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını nəzərə alaraq, ötən gün aksiya iştirakçılarına aksiyanın dayandırılması təklif olunub. Ekofəallar da aksiyanı müvəqqəti dayandırmaq qərarına gəliblər. Lakin aksiya hədəfə tam olaraq çatmayıb və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına tam son qoyulması, aidiyyəti qurumlarımızın həmin ərazilərdə monitorinqinə imkan yaradılması qanedici səviyyədə reallaşmayana qədər aksiyaçıların tələbləri qüvvəsindədir və onlar yenidən aksiyalara davam edə bilərlər".

Xəbərlər