Ümumi 7 Mart 2023, 15:07 | Baxış sayı: 106
“Kürün qurumasını hökumətin hansısa fəaliyyəti ilə əlaqələndirmək heç də düzgün deyil”

“Kürün suyunun qurumasını hökumətin hansısa fəaliyyəti ilə əlaqələndirmək heç də düzgün deyil. Ümumiyyətlə, təkcə Azərbaycanda yox, region dövlətlərinin ərazisində su hövzələrinin quruması müşahidə edilir. Həm təbii, həm də süni su rezervuarlarında, çaylarda, göllərdə də bunu müşahidə edə bilirik. Dünyanı bu gün narahat edən ən qlobal problemlərdən biri məhz su problemidir. Su problemi hazırda Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərindən biridir. Bununla bağlı dövlətlərin, hökumətlərin hesabat öhdəlikləri var. Onlar mütəmadi olaraq bu hesabatları BMT qarşısında təqdim edirlər. Kür suyunun quruması məsələsi, düşünürəm ki, təbii hadisədir. Lakin istənilən halda, Kürün qurumasının, qurumanın sürətlə getməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülə bilər. Azərbaycanda bununla bağlı xüsusi Komissiya yaradılıb. Su hövzələrinin qorunması, təbii su ehtiyatlarının mühafizəsi və çayların mütəmadi şəkildə təmizlənməsi, xüsusi kanalların təmiz saxlanılması, yeni kanalların çəkilməsi ilə əlaqədar hökumət təxirəsalınmaz işlər görür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev deyib.

 

Deputat hesab edir ki, Kür çayında yaranmış problem hökumətin həyata keçirəcəyi müəyyən fəaliyyətlərlə aradan qaldırılacaq: “Lakin unutmamalıyıq ki, xüsusilə Kür çayı öz başlanğıcını Azərbaycan ərazisindən götürmür. Azərbaycandan əvvəl digər ərazilərdə Kür suyundan istifadə edən ölkələr var. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunana qədər bizdə su ilə bağlı problemlər daha çox idi. Qarabağ və Şərqi Zəngəzurda torpaqlarımızla yanaşı, bir çox çay və su hövzələrinin də işğaldan azad edilməsinə nail olduq. Məhz bununla əlaqədar bu gün müəyyən rahatlıq hiss olunur. Ancaq təəssüf ki, bəzi problemlər hələ də qalmaqdadır. Düşünürəm ki, yaxın illərdə həm Kür çayının, həm Xəzər dənizinin və digər su hövzələrinin quruması, mühafizəsi və onların axarlılığının təmin edilməsi, icazəsiz, qanunsuz bu su hövzələrindən istifadənin aradan qaldırılması mümkün ola biləcək, bu problem Azərbaycanda öz həllini tapacaq. Əks təqdirdə, yaxın gələcəkdə bizi daha ağır problemlər gözləyə bilər. Çünki onsuz da tək texniki su deyil, həm də şirin su ehtiyatlarına görə Azərbaycanda vəziyyət ürəkaçan deyil. Bu baxımdan, şirin su hövzələrini, ehtiyatlarını düzgün dəyərləndirməli, onlardan səmərəli istifadə etməliyik. Bununla bağlı təxirəsalınmaz tədbirlər əhyata keçirilməlidir”.

Xəbərlər