Siyasət 7 Aprel 2023, 18:01 | Baxış sayı: 198
"“Kərimə” yox, Böyük və Bütöv Azərbaycan dövləti olacaq"

“İslam Konfransı Təşkilatının 10-a yaxın üzvünün çoxdan İsraildə səfirliyi olduğu halda beynəlxalq normalara dayanaraq eyni addımı atan Azərbaycanın həmin qurumda pislənməsinin istənilməsi məncə, təkcə bu təşəbbüsdə bulunan İran parlamentinin deyil, bütövlükdə rejimin reallıq hissini itirməsinin növbəti təsdiqidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib

Deputat bildirib ki, İran guya fələstinlilərin təəssübünü çəkir: “Bizim Fələstinə dəstəyimiz, Mahmud Abbasın Bakıda necə qarşılandığı, xarici işlər nazirimizin İsraildə səfirlik açdığımızın səhəri günü ora getməsi və aramızdakı dostluqdan xəbər verən digər reallıqlar kimsəyə sirr deyil. Azərbaycanın işğal altındakı torpaqlarında 67 məsciddən 65-ni dağıdan bir ölkə ilə sarmaş-dolaş gəzən birinin özünü din təəssübkeşi kimi təqdim etməsi isə abırsızlığın son həddi də olmayıb, bəs nədir?

İran Parlamentinin bu bəyanatı göstərir ki, keçmiş kəşfiyyat nazirləri Əli Yunesinin bildirdiyi kimi, orada rejim doğrudan da tam deqradasiyaya uğrayıb. Belə olmasaydı, cənab İlham Əliyevin təqribən iki il bundan öncə Cəbrayılda “Azərbaycan-İran sərhədi dostluq sərhədidir” deməsindən xəcalət çəkər, bizə qarşı düşmənçilik siyasətinə son qoyardılar. Qarabağ savaşlarında İranın hansı hoqqalardan çıxdığı, son 30 ildə işğalçı Ermənistana necə hərtərəfli dəstək verdiyi haqda hamıdan çox bilgisi olan Müzəffər Ali Baş Komandanımızın bu açıqlaması, əslində, o demək idi ki, etdiyiniz bütün pislikləri unudur, ikitərəfli əlaqələrdə yeni bir səhifə açılmasını istəyirik. Bəs bu alicənab, lütfkar davranışa cavab nə oldu? Sərhədlərimiz boyunca təlimlər keçirilməyə, hansısa “qırmızı xət”dən dəm vurulmağa başlanıldı, öz təbirlərincə desək, “sionistlərə” guya burada hərbi baza yaratmalarına izn verməkdə suçlandırıldıq. Prezidentimizin Münhendə Laçın yolu və Zəngəzur dəhlizində hər iki ölkənin sərhəd keçid məntəqələrinin yaradılması haqda rəsmi təklifi o demək deyilmi ki, bizim kimsənin torpağında gözümüz yoxdur.

Bəlkə onlar o qədər kar və kordular ki, dövlət başçımızın 2006-cı ildə Vaşinqtonda Ağ evin qarşısında ərazimizdən başqalarına qarşı plasdarm kimi istifadəsinə izn verilməyəcəyi haqda açıqlamasını eşitməyib və görməyiblər? Bundan əlavə, biz İran parlamentindən fərqli olaraq Xəzərin hüquq statusuna dair Konvensiyanı 2019-cu ildə burada təsdiqləmişik ki, o sənəddə bir üzvün öz torpaqlarını digər üzv ölkəyə qarşı “təcavüz və ya başqa hərbi addım atmaq üçün” verməməsi kimi bənd var. Bəs İran niyə indiyədək bu Konvensiyanı ratifikasiya etmir? Azərbaycanı özlərinə qarşı İsraillə əlbir olmaqda suçlandıranlar yaxşı olardı ki, bayaq adını çəkdiyim keçmiş baş kəşfiyyatçıları Əli Yunesinin Mossadın agentlərinin ölkəsinin isteblişmentində özlərinə möhkəm yer etdikləri haqda dediklərinə diqqət yetirsinlər. Axtarsınlar görsünlər, Azərbaycanla körpüləri yandırmağa çalışan rejim təmsilçiləri arasında elələri varmı? Bəyanatda "böyük İran İslam xalqı"ndan dəm vurulur, maraqlıdır, bu adın altında kimlər nəzərdə tutulur? Məsələn, biz bilirik ki, sayı 50 milyondan çox olan və ikinci Qarabağ savaşındakı zəfərdən sonra artıq millətləşmə mərhələsinə qədəm qoyan Böyük Azərbaycan Xalqı var. Bəs o böyük İran İslam xalqı kimdir? İran parlamentindəkilərdən soruşmaq istərdim İslamı gözdən salmaq, Əl-Qaidə və İŞİD-dən daha əvvəl onun adının terrorla qoşa səslənməsini təmin etmək, məzhəbçiliyi də yox, sektaçılığı təbliğdən başqa din qarşısında hansı xidmətiniz var? Azərbaycan özünün yeritdiyi multikultral siyasət, sivil idarəçilik modeli və islamafobiyaya qarşı sərt, qətiyyətli mövqeyi ilə diqqət çəkdiyi, Bakıdakı 10-cu Qlobal Forumda olduğu kimi bu məsələni dəfələrlə beynəlxalq gündəliyə çıxardığı halda sizin din qarşısında xidmətiniz nədən ibarət olub? Yaratdığınız terror qruplaşmalarına peyğəmbərimizin əzizlərinin adlarını qoymağınızı İslama xidmətmi sayırsınız?”

Sahib Alıyev qeyd edib ki, nə bunlar, nə də İranın yaymağa çalışdı xurafatçılıq, başqa ölkələrin iç işinə qarışmaq, kərimə iyi verən ideologiya dinə xidmətdir, əksinə onu gözdən salmaqdır: “Yeri gəlmişkən, 3-5 riala satın aldıqları yaramazlarla Azərbaycanda “kərimə dövləti” yaratmağa çalışanlar buyurub digərlərindən də yox, həmin “kəriməçi”lərin qohum-əqrəbasından soruşsunlar ki, İrandakı o anormal şərtlər çərçivəsində bir gün olsun belə yaşamaq istərdilərmi? Ona görə də Tehran rejimi anlamalıdır ki, bu regionda yeni dövlət yaratmaq cəhdləri ancaq ona aparıb çıxara bilər ki, o yaranan “kərimə” yox, Böyük və Bütöv Azərbaycan dövləti olacaq”.

Xəbərlər