Ümumi 26 Oktyabr 2023, 15:32 | Baxış sayı: 261
"Köçkün olmayan şəxslərə də Qarabağda ev verilə bilər "

Işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma-bərpa işləri davam edir. Bu proseslərə paralel olaraq, Qarabağdan məcburi köçkün düşən insanlar, hətta digər bölgələrdən olan vətəndaşlar azad edilmiş rayonlarda yaşamaq arzularını bildirirlər.

Xankəndini azad edilməsindən, bölgədə dövlət bayrağının qaldırmasından sonra vətəndaşlar tərəfindən bu şəhərdə yaşamaq üçün çoxsaylı müraciətlər edilir. Qarabağlı olmayan, lakin orada yaşamaq istəyən xeyli şəxsin olduğunu sosial şəbəkələrdən də müşahidə etmək mümkündür.

Bəs görəsən, işğaldan azad olunmuş rayonlara köçüb yaşamaq istəyən digər bölgələrdən və Bakıdan olan şəxslər üçün bu mümkün olacaqmı?

Məsələ ilə bağlı Yenisabah.az-a  Milli Məclisin deputatı Elman Məmmədov danışıb. O, qeyd edib ki, digər bölgələrdən olan vətəndaşların Qarabağda yaşamasında heç bir problem yoxdur:

“Azərbaycan vətəndaşları Azərbaycan dövləti ərazisində yaşayış yerini seçməkdə müstəqildirlər. Kimin hansı rayondan, hansı şəhərdən olmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşı müəyyən qanunvericilik qaydaları ilə ölkənin istənilən bölgəsində, şəhərində yaşamaq hüququna malikdir.

İşğaldan azad olunan bölgələrdə yaşamaq arzusunu bildirən vətəndaşlarımız çoxdur. İlkin mərhələdə azad olunmuş ərazilərimizə həmin ərazilərin sakinləri köçürüləcək. Daha sonra iş yerləri çoxalacaq, yaşayış binaları istifadəyə veriləcək, yerli əhalinin tələbatı ödəniləndən sonra digər bölgələrdən olan vətəndaşlar da Qarabağa köçürülə bilər. 

Lakin əvvəlcə Qarabağdan olanlar ora getməli, məcburi köçkün adından qurtulub yurdlarında məskunlaşmalıdırlar. Bundan sonra istənilən vətəndaşımız arzusunu bildirərək müvafiq qurumlara müraciət edib gedib Qarabağda təbii ki, yaşaya bilər”.

Xocalıdan olan millət vəkili vaxtilə Qarabağda bu cür təcrübənin yaşandığını da bildirib:

“1989-1990, hətta 1991-ci ildə Xocalı rayonuna digər bölgələrdən olan vətəndaşlar gəlirdilər. Həmin dövrdə Xocalı rayonuna mən rəhbərlik edirdim. Orada çoxlu iş yerləri yaratmışdıq, yeni mənzillər tikilmişdi və bu səbəbdən Azərbaycanın müxtəlif rayonlarından bizə müraciət edənlər olurdu. Biz də böyük məmnuniyyətlə onları qəbul edirdik və yerləşdirirdik. Həmin vaxt Xocalıda xeyli bu cür ailələr vardı. Bu gün də Xocalıya, Xankəndiyə və başqa ərazilərimizə vətəndaşların müraciətindən sonra köçmək mümkün olacaq. Bu məsələdə heç bir məhdudiyyət olmayacaq”.

Xəbərlər