Siyasət 23 Fevral 2023, 12:43 | Baxış sayı: 210
“Kimsə cinayət törədirsə, dərhal özünü “siyasi məhbus” adlandırırsa, bu, o demək deyil ki, ölkədə “siyasi məhbus” var”

Deputat: Kimsə cinayət törədirsə, dərhal özünü “siyasi məhbus” adlandırırsa, bu, o demək deyil ki, ölkədə “siyasi məhbus” var

 

Milli Məclisin deputatı Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

 

- Avropa İttifaqının missiyası artıq Ermənistanda fəaliyyətə başlayıb. Bu, mərhələdə Azərbaycan hansı addımları atacaq?

 

- Avropa İttifaqının Ermənistanda fəaliyyətə başlayan missiyası Fransanın təşəbbüsü ilə ortaya atılmışdı. Təbii ki, onların bölgədə maraqları var, eyni zamanda Ermənistanı dəstəkləyirlər. Missiyanın fəaliyyətinin arxasında məkrli planlar, təxribatlar var. İran molla rejimi də buna susqun yanaşır. İran Qərbi “şeytan yuvası” adlandırır, düşmən sayır, amma görünür, bu məsələdə maraqlar üst-üstə düşür. Bilirsiniz ki, bir müddət öncə, İranla Ermənistanın Azərbaycana qarşı təxribat törətmə planları var idi, biz bunu ifşa etdik. Görünür, təxribatlar davam edəcək, missiya da bundan istifadə edəcək. Nəzərə slın ki, missiyanın fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən atəşkəs pozulub. Azərbaycan təxribatların genişlənmə ehtimalını nəzərə alaraq, müvafiq tədbirlər görür. Avropa İttifaqının bölgəyə gəlişi Azərbaycanla razılaşdırılmayıb, ona görə də qrupun fəaliyyəti təhlükəsizliyə töhfə verməyəcək.

 

- Bu məsələdə Qərbin və İranın mövqelərinin üst-üstə düşməsinin səbəbi nədir?

 

- İran heç vaxt müstəqil Azərbaycanın güclənməsini istəməyib. Molla rejimi Azərbaycana qarşı qərəzini indiki kimi büruza verməyib. Yaxşı bilirik ki, 1990-cı illərdən başlayaraq, İran Azərbaycanda casus şəbəkəsi yaratmağa cəhd edib. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli dövlətə çevrilib. Elə bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra molla rejimi qərəzini gizlədə bilmədi. İran son 30 ildə işğal altında olan torpaqlarımızda silah qaçaqmalçılığı, narkotranzitlə məşğul olub. Hətta ərazilərin dağıdılmasında, evlərin sökülüb daşınmasında yaxından iştirak edib. Artıq Azərbaycan torpaqlarını işğaldan azad edib, qalib dövlətdir və yeni mərhələyə qədəm qoyub. Belə bir məqamda isə İran molla rejimi narahat olmağa başlayıb. Qərb dairələri ilə maraqların uzlaşması buna görədir. Üzdə düşmən görünsələr də, molla rejiminin Qərb dövlətləri ilə əməkdaşlıqları hər zaman olub. Molla rejimi siyasətini istər Fransa, istərsə də Ermənistanla uzlaşdırsın, bunun Azərbaycana heç bir təsiri ola bilməz. Dövlətimiz müstəqil siyasət yürədərək milli maraqlarımızı qoruyur. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hədəflərə inamla addımlayır.

 

- Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanın təkləndiyini bildirənlər də var…

 

- Türkiyədə baş verən zəlzələ bizim də faciəmizdir. Hadisə baş verəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğanla telefon əlaqəsi yaratmaları, başsağlığı vermələri və dəstək ifadə etmələri iki ölkə arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir. Azərbaycanın dövlət qurumları, şirkətləri Türkiyəyə yardım göndərdilər, xalq olaraq əlimizdən gələni əsirgəmədik. Belə də olmalı idi. Azərbaycan sonadək qardaş Türkiyənin yanında olacaq. Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzu edirəm. Türkiyə qüdrətli dövlətdir, bu sınaqdan da çıxacaq. Qardaş ölkədəki zəlzələdən sonra İranın Ermənistanla birgə təxribat törətmə cəhdi ifşa edildi. Bu, təsadüfi deyil, düşünüblər ki, qardaş ölkədə faciə baş verib, vəziyyətdən istifadə edə bilərlər. Bu, heç də belə deyil. Azərbaycan-Türkiyə birliyi daimidir, heç bir kənar qüvvə bunu sarsıda bilməz, ölkələrimizə qarşı təhdidlərin qarşısı qətiyyətlə alınacaq.

 

- Türkiyə ilə Ermənistanın yaxınlaşmasına münasibətiniz necədir?

 

- Türkiyə Ermənistanla münasibətlərini Azərbaycan torpaqlarının işğalına görə kəsmişdi. Qardaş ölkə dəfələrlə bəyan edib, münasibətlərin normallaşması Ermənistandan asılıdır, bunun üçün Azərbaycanla normal əlaqələr qurulmalıdır. Türkiyə bu məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alır.

 

- Ermənistan sülh istiqamətində addımlar atdığını bəyan edir. Sonra sərhədə razılaşdırılmamış missiya dəvət edir, daha sonra Türkiyə ilə əməkdaşlığa cəhd edir. Ermənistan mövqeyini necə qiymətləndirirsiniz?

 

- Bu, Ermənistanın mövqesizliyidir. Ermənistan rəsmilər səhər bir cür, günorta başqa cür, axşam da tamam fərqli bəyanat verirlər. Bəli, bildirirlər ki, sülh müqaviləsi imzalamağa hazırdırlar. Bu, beynəlxalq ictimaiyyəti aldatmaq üçündür. Real vəziyyət ondan ibarətdir ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil. O ölkədə hələ də Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqe var. Nəzərə alın ki, Ermənistan müstəqil də deyil, daim havadar axtarışındadır. O ölkənin qeyri-konstruktiv addımları ilk növbədə özlərinə zərər verir. Azərbaycanın təklif etdiyi şərtləri qəbul etsələr, sülh müqaviləsi imzalasalar, indiki acınacaqlı durumdan çıxmaq imkanları əldə edəcəklər. Amma düşünürlərsə ki kiminsə himayəsi altında nəyəsə nail ola biləcəklər, yanılırlar. Bu, Ermənistanın sonunu gətirə bilər.

 

- Azərbaycan Münxen Təhlükəsizlik Konfransından sonra ölkə daxilində seçki məsələsi yenidən gündəmə gətirildi. Müxalifətdə olanların bəziləri, hətta bildirirlər ki, Ermənistanda seçkiləri şəffafdır, Paşinyandan demokrat obrazı yaradırlar…

 

- Azərbaycan Münxen Təhlükəsizlik Konfransında növbəti dəfə diplomatik uğur əldə etdi. Prezident İlham Əliyev qətiyyətli mövqe sərgilədi, Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyaya ictimaiyyətinə bəyan etdi. Dövlət başçısı müzakirə zamanı Paşinyanı “pat” vəziyyətinə saldı. Paşinyanı orada dəstəkləyən əsas Fransa prezidenti Emmanuel Makron idi. Amma yenə də fiaskoya uğradı. Paşinyanın “demokrat” adlandırılması məsələsinə gəlincə isə, yanlış yanaşmadır. Xaricdə və Azərbaycanın daxilində bəzi qüvvələrin Paşinyana bu cür yanaşması hakimiyyətə təzyiq vasitəsidir. Daxildə radikal müxalifət Paşinyanı çoxdan özlərinə lider seçib. Paşinyanın açıqlamaları ilə anti-milli qüvvələrin mövqelərinin üst-üstə düşməsi göstərir ki, maliyyə eyni yerdən gəlir, tezislər də eynidir. Azərbaycandakı seçkilər tam demokratik şəkildə keçirilir. Seçki yolu ilə hakimiyyətəgəlmə ənənəsinin təməlini 1993-cü ildə ümummilli lider Heydər Əliyev qoyub. Bu müddətə qədər hakimiyyət zorla ələ keçirilirdi... Yaxşı bilirik ki, Azərbaycan müstəqil siyasət siyasət yürütdüyünə görə ikili standartlara məruz qalıb. Hər kəsə məlumdur ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlar erməni lobbisinin təsiri altındadır. Düşünürlərsə ki Azərbaycana hər hansı təsir göstərə biləcəklər, tam yanılırlar. Ölkədə daxilində marginal qruplar var, onlara heç qulaq asan da yoxdur.

 

- Yaz aylarında radikal müxalifət müəyyən qədər aktivləşir, belə demək mümkündürsə, dirçəlirlər. Perspektivləri varmı?

 

- Yəqin ki, “dirçəlmək” sözünü dırnaqarası deyirsiniz... Olmayan bir şeyin dirçəlməsi mümkün deyil. Çalışırlar ki, ölkədə ictimai-siyasi sabitliyi pozsunlar, milli həmrəyliyə zərbə vursunlar. Anlamalıdır ki, 50 milyonluq xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Daha güclü və qüdrətli Azərbaycan qurmaq naminə inamla addımlayırıq.

 

- Bəzi beynəlxalq təşkilatlar hesabatlarında qeyd edirlər ki, Azərbaycanda hələ də “siyasi məhbus”lar var. Siyasi baxışlarına görə həbs edilənlər varmı?

 

- Azərbaycanda siyasi baxışlarına görə həbsdə olan yoxdur. Bəzi həbsdə olanların əməlinə uyğun olaraq hüquqi qiymət verilib. Kimsə cinayət törədirsə, dərhal özünü “siyasi məhbus” adlandırırsa, bu, o demək deyil ki, ölkədə “siyasi məhbus” var. Bu, sadəcə, nəticəsiz bir oyundur.

 

- Quru sərhədlərin açılmaması ilə bağlı nə düşünürsünüz?

 

- Heç bir ölkə istəməz ki, iqtisadiyyatına zərbə dəysin. Əksinə, istəyər ki, güclənsin, gəlirlər artsın, əhali daha yaxşı yaşasın. Azərbaycan da həmçinin. Dövlətimiz əhalinin rifah halının yaxşılaşması üçün sosial sahələrə daha çox vəsait ayırır. Bilirsiniz ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb. Əlbəttə, burada hər şey təhlil olunub, qərar verilib. Ola bilsin ki, burada təhlükəsizlik faktoru da rol oynayır. Azərbaycan dövlətinin qəbul etdiyi bütün qərar müsbət nəticələrini verir.

Xəbərlər